Xəzər Xəbər

Bakıda yol buz bağladı, zəncirvari qəza oldu VİDEO

Veb TV | 18:59 • 22 Yanvar 2021
Bakıda yol buz bağladı, zəncirvari qəza oldu

Bir neçə gün əvvəl Baş Dövlət Yol Polisi İdarəsi hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar yollarda meydana gələ biləcək qəzalar və müxtəlif xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərə müraciət etmişdi. Xahiş olunurdu ki, sürücülər nəqliyyat vasitələrini idarə edərkən diqqətli olsunlar, avtomobillərini texniki cəhətdən hava şəraitinə uyğunlaşdırılsın. Bu tələbə əməl edənlərlə bərabər, etməyənlər də oldu. Nəticə isə belədir. Bu gün səhər saatlarında paytaxtın Zığ-Hava limanı yolunda - yolun hər 2 istiqamətində zəncirvari qəzalar baş verib. Ümumilikdə 8 avtomobil toqquşub. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Avtomobillərə ciddi ziyan dəyib.


Dünən gecədən etibarən Zığ-Hava limanı yolunda təhlükəsizliyi təmin etmək məqsədilə sürət həddi 60 km/saat-a qədər endirilib. Buna baxmayaraq yolun həddindən artıq sürüşkən olması qəzaları qaçılmaz edib. Hava limanı istiqamətində baş verən zəncirvari qəzada sürücülər xəsarət alıb, avtomobillərə ciddi ziyan dəyib.


Eyni istiqamətdə bir qədər irəlidə baş verən qəzada isə qadın sürücünün idarə etdiyi minik avtomobili mikroavtobusla toqquşub. Hadisə nəticəsində minik avtomobili yararsız vəziyyətə düşüb, sürücü isə xəstəxanaya yerləşdirilib.


Qeyd edək ki, bənzər səbəbdən bu gün Yasamal rayonu ərazisidə maşın bazarının yaxınlığında, o cümlədən, Suraxanı qəsəbəsinin aeroport yolu ilə kəsişməsində də maddi zərərlə nəticələnən qəzalar baş verib.



Xəbər lenti