Xəzər Xəbər

Şagirdlərin yarımillik nəticələri belə qiymətləndiriləcək VİDEO

Veb TV | 19:39 • 20 Yanvar 2021
Şagirdlərin yarımillik nəticələri belə qiymətləndiriləcək

Dünyada qlobal böhrana səbəb olan koronavirus pandemiyasının təsirləri təhsil sistemindən də yan keçməyib. Sərt karantin rejimi səbəbindən əksər ölkələrdə tədris prosesi distant formada tətbiq olunur. Elə Azərbaycanda da hazırda bütün təhsil müəssisələrində tədris distant aparılır. Təhsil Nazirliyi bütün bunları nəzərə alaraq orta məktəblərdə "məktəbdaxili qiymətləndirmənin müvəqqəti qaydaları"nı təsdiq edib.


Orta məktəblərdə birinci yarımilin summativ qiymətləndirməsi distant formada həyata keçiriləcək.


Təhsil Nazirliyi tərəfindən "Xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti qaydaları" təsdiq edilib. Qaydalara əsasən, , II-XI siniflərdə bütün fənlər üzrə məktəbdaxili summativ qiymətləndirmə distant formada 45-60 dəqiqə ərzində təşkil olunacaq. Qiymətləndirmədə test, inşa, çalışma, şifahi sorğu, layihə, yaradıcılıq və əl işləri kimi vasitələrdən istifadə ediləcək.


Summativ qiymətləndirmədə üzrlü səbəbdən iştirak edə bilməyən təhsilalanların bilikləri 1 ay sonra yoxlanılacaq. İnternetə çıxışında çətinliklə üzləşən şagirdlərin qiymətləndirilməsi isə karantin rejiminin şərtləri gözlənilməklə əyani formada aparılacaq. Ancaq bu qaydalar bütün qiymətləndirmə formalarına şamil edilməyəcək.


Birinci sinif şagirdlərinin summativ qiymətləndirilməsi isə aparılmayacaq. Müvəqqəti qaydalar Xüsusi Karantin rejiminin tətbiq edildiyi müddət ərzində qüvvədə qalacaq.


Xəbər lenti