Xəzər Xəbər

Qanlı tarixçə - Qərənfil niyə matəm gülüdür? VİDEO

Veb TV | 21:11 • 20 Yanvar 2021
Qanlı tarixçə - Qərənfil niyə matəm gülüdür?

Tariximizin 31 il əvvəlinin bu günü qanla sulanmış küçələrə açıldı. O qanın rəngi Bakı küçələrindən 40 gün getmədi. Çünki Bakı kəndlərinin sakinləri o günə qədər toy-bayram rəmzi olaraq yetişdirdikləri al qırmızı qərənfilləri şəhidlərin keçdiyi yollara səpdilər. Elə o gündən bu yana qərənfil 20 yanvarın simvolu olaraq tarixə düşdü.

 

"Gərək qulluğunda dura, nazını çəkəsən. İstisini az eləyib, soyuqdan küsdürməyəsən. Qulluq istəyir qərənfil, üzünə xoş baxdın, qıpqırmızı açacaq, baxmadın qönçəsi açmadan solacaq". Güllərini bu səhər dərib Şəhidlər xiyabanında göndərdiyi istixanasında qarşılayır bizi gülçü Yəhya dayı. 1990-cı ildən bu yana qərənfil əkir, elə ilk məhsulu da şəhidlərin dəfninə qismət olub:

 

O illərdə bütün Bakı gülçüləri min bir əziyyətlə yetişdirdikləri məhsulu rusiya bazarlarında satmaqdan imtina edib, küçələrə tökdülər. Bu barədə heç bir rəsmi göstəriş almadıqları halda sanki mənəvi bir birliyin göstəricisi kimi dəstə-dəstə güllər gətirildi kəndlərdən və gülçülər o gülləri solmağa qoymadılar. Bəlkə də buna görə 20 yanvar dərdimizin qanı heç qurumadı.

 

"Qanlı Yanvar, can bacı, görürsənmi neylədi? Bakı qərənfilini yas çiçəyi eylədi"

 

Bu qırmızı toy çiçəyinin taleyinə yas çiçəyi olmaq yazılsa da Azərbaycan xalqı həmin anım günündən yaxasına taxdığı qərənfili xarı bülbülə qovuşdurdu. İndi Vətən müharibəsində qalib olan xalqımız Şəhidlər Xiyabanını qürur və şərəflə ziyarət edir.

Xəbər lenti