Xəzər Xəbər

Ermənistanda müharibədən sonrakı böhran dərinləşir VİDEO

Veb TV | 19:47 • 19 Yanvar 2021
Ermənistanda müharibədən sonrakı böhran dərinləşir

İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətlə üz-üzə qalan Ermənistanda siyasi və sosial-iqtisadi vəziyyət hər ötən gün gərginləşir. Paşinyan hakimiyyəti məruz qaldığı siyasi təzyiqlər fonunda həm də cinayətkar Köçəryan-Sarkisyan klanı ilə hakimiyyət uğrunda mübarizə aparır.



Ermənistanda hər ötən gün post-müharibə sindromu dərinləşir.


Bir tərəfdən ikinci Qarabağ müharibəsindəki məğlubiyyət, digər tərəfdən onsuzda uzun müddətdir hökm sürən hərc-mərclik ölkədə siyasi vəziyyətlə yanaşı əhalinin sosial-iqtisadi vəziyyətini də acınacaqlı hala salıb.


Son aylarda ən ağır günlərini yaşayan Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hakimiyyəti beynəlxalq təzyiqlərlə yanaşı daxili təzyiqlərlə də üz-üzədir. Son günlər Paşinyan hakimiyyətinə qarşı tənqidlərin ardı-arası kəsilmir. Bunlardan biri də erməni hüquqşünas Robert Ayrapetyanın verdiyi açıqlamadır. Ayrapetyan deyib ki, son bir ildə Ermənistanda mətbuat və söz azadlığına təzyiqlər geniş və misli görünməmiş şəkildə artıb. Onun sözlərinə görə, 2020-ci ilədək dövlət demək olar ki, tamamilə xüsusi bir rejimin təsiri altında olub və senzura idarəetmə vasitəsinə çevrilib, hətta sosial şəbəkələrə də nəzarət gücləndirilib. "Mövcud hakimiyyət dövründə hüquq-mühafizə orqanlarının əməkdaşları "aysor.am"," yerevan today", "nyus of armenia" kimi media qurumlarının redaksiyalarına baş çəkiblər və jurnalistlərin kompüterləri ələ keçirilib. Keçmişdə heç bir hakimiyyətin dövründə mətbuatın bu cür senzuraya məruz qaldığını və kobud pozuntulara yol verildiyini xatırlamıram" - deyə hüquqşünas vurğulayıb. Ayrapetyan baş verənlərə görə baş nazir Nikol Paşinyanı ittiham edib.


Ermənistanın baş prokuroru Artur Davtyan isə yaxın ətrafı ilə söhbətində bildirib ki,Nikol Paşinyana qarşı cinayət məcəlləsinin dövlətə xəyanət maddəsi ilə cinayət işinin başlanması üçün yetərincə əsas var.


Son günlər sosial şəbəkələrdə ən çox müzakirə edilən məsələlərdən biri də tanınmış erməni hərbi jurnalist Roman Baqdasaryanın hakimiyyət haqqında tənqidi fikirləri olub. Onun sözlərinə görə, ermənilər illər boyu özlərini aldatmaqla məşğul olub. Jurnalist bildirib ki, müharibədən əvvəl Qarabağdan İrəvana yalan hesabatlar verilirdi. Baqdasaryan sual edir ki, niyə zəif qorunan postların olduğu gizlədilib, cənub cəbhəsindəki ciddi problemlər isə Ermənistan rəhbərliyinə bildirilməyib. "Cənub cəbhəsindəki ikinci xətdə niyə bütöv səngərlər olmayıb? Əsgərlərin gizlənəcək və mübarizə aparacaq yerləri yox idi. 65 kilometr səngər 2 milyon dollara başa gəlir. Belə çıxır ki, səngər qazanların çoxu heç bu işlə məşğul olmayıblar. Əsgərlər orada oturub tut arağı içiblər və zabitlər də demək olar ki, heç bir qazıntı prosesini yoxlamayıb, buna göz yumublar" - deyə o qeyd edib. Baqdasaryan deyib ki, Qarabağ generalları mütəmadi olaraq hərbi rəhbərlərin və bölgədə yaşayan zənginlərin villalarının inşası üçün pulsuz insan əməyindən - əsgərlərdən istifadə ediblər.


Digər tərəfdən isə cinayətkar Köçəryan-Sarkisyan klanının hakimiyyəti ələ keçirmək üçün revanşist əməlləri və planları da bitmək bilmir. Bu isə ölkədə siyasi qüvvələri iki hissəyə parçalayıb. Ölkədə müharibə ərəfəsində bir az sakitləşən hakimiyyət mübarizəsi yenidən qızışmağa başlayıb. Bu gündən etibarən İrəvanda Ermənistanın sabiq prezidenti Robert Koçaryanın məhkəmə prosesi bərpa olunub. 4 aylıq fasilədən sonra bu gün məhkəmənin növbəti iclası keçirilib.


Eyni zamanda Robert Koçaryanın tərəfdarları da məhkəmə binası qarşısında etiraz aksiyası keçirib. Aksiya zamanı hökumət əleyhinə şüarlar səsləndirilib. Hadisə yerinə çox sayda polis əməkdaşları cəlb edilib.


Qeyd edək ki, Robert Koçaryan 2008-ci ilin martında baş vermiş kütləvi etiraz aksiyaları ilə əlaqədar dövlət çevrilişi cəhdində ittiham olunur.


Xəbər lenti