Xəzər Xəbər

Bu prospektdə avtobuslar üçün yeni hərəkət zolağı yaradıldı VİDEO

Veb TV | 22:16 • 15 Yanvar 2021
Bu prospektdə avtobuslar üçün yeni hərəkət zolağı yaradıldı

Bakıda hər gün 570 mindən çox sərnişinin hərəkət etdiyi prospektdə də avtobus zolağı çəkilib. Söhbət günün pik saatlarında avtobusların tıxacda qaldığı Qara Qarayev prospektindən gedir. Bakı Nəqliyyat Agentliyi sərnişinlərin maneəsiz mənzil başına çatmaları üçün Bakıda daha bir neçə küçə və prospektdə avtobus zolağı çəkir.


Günün pik saatlarında sərnişinlərin rahat və maneəsiz mənzil başına çatmaları üçün paytaxtın bəzi küçə və prospektlərinə də avtobus zolaqları çəkilir.


Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyir ki, Gəncə, Qara Qarayev, Atatürk prospektləri, Mikayıl Hüseynov, Məhəmməd Hadi, Abbas Mirzə Şərifzadə, Rəşid Behbudov, Əhməd Rəcəbli və Müzəffər Rəhimov küçələrində yeni zolaqlar çəkilir. Agentliyin təhlillərinə görə, bu zolağın istifadəyə verilməsi ilə günün pik saatlarında tıxacda qalan avtobuslar gecikmədən sərnişinləri rahat və təhlükəsiz mənzil başına çatdıracaqlar.


Bakı Nəqliyyat Agentliyinin mütəxəssisləri avtobus zolağı çəkilən yollarda hesablama aparıblar və məlum olub ki, həmin zolaqlarda hərəkət edən avtobuslarda interval azalıb və hərəkət 2 dəfəyə qədər artıb.


Qara Qarayev prospektində və Mikayıl Hüseynov küçəsində artıq zolaq təşkil olunub. Mais Ağayev deyir ki, qarşıdakı günlərdə həmin zolaqlara xüsusi nişanlar quraşdırılacaq. Xatırladaq ki, bu zolaqlardan yalnız avtobus və operativ nəqliyyat vasitələri istifadə edə bilərlər.


Xəbər lenti