Xəzər Xəbər

Qarabağın tacı, zəfərin rəmzi - ŞUŞA VİDEO

Veb TV | 22:10 • 15 Yanvar 2021
Qarabağın tacı, zəfərin rəmzi - ŞUŞA

Şuşa şəhəri 18 əsrdə salınsa da, özündə çox böyük tarixi izlər və mədəni irsi qoruyub saxlayır. Qarabağın tacı olan Şuşa həm də dövrünün alınmaz qalası olub. 30 ilə yaxın işğal altında olan şəhər ötən ilin 8 noyabrında müzəffər ordumuz tərəfindən azad edildi və alınmaz qala qüdrətini özünə qaytardı.


Başı dumanlı əlçatmaz dağlar, yaşıl meşəli füsunkar gözəllik və alınmaz qala... Qarabağın tacı, xalqımızın həm qədim mədəniyyət, hə də müasir zəfər tarixi - Şuşa.


Şuşa deyiləndə ya Xanın səsi düşərdi yadımıza, ya cıdır düzündə at oynadan igidlərimiz, ya da təbiətin nadir incisi Xarı bülbül. Bəli, bütün bunları yalnız xatırlayar, Qarabağın şikəstəsini dinləyərək bu füsunkarlığa nə vaxtsa qovuşacağımızı oturub həsrətlə gözləyərdik. Gün gəldi və bu həsrətə son qoyuldu. Şanlı Azərbaycan əsgəri noyabrın 8-də Qarabağın alınmaz qalasına üçrəngli bayrağımızı sancdı. 28 illik həsrət zəfər günü ilə sona çatdı.


Əsası 1752-ci ildə Pənahəli xan tərəfindən qoyulub Şuşanın. O vaxt Qarabağ xanlığı çoxsaylı yadelli hücumlarından nəhayət bu qala ilə özünə sığınacaq tapdı. Şuşa Qarabağın qalası, Azərbaycan mədəniyyətinin isə beşiyinə çevrildi. 19-cu əsrdə isə Şuşa artıq nəinki Qafqazda, hətta Şərqdə əhəmiyyətli ticarət mərkəzi kimi şöhrət qazanmışdı. Dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşən şəhər əlverişli iqlimi ilə diqqət çəkir. Sənətkarlıq şəhəri kimi tanınan Şuşada ədəbiyyat və incəsənət yüksək inkişaf etmişdi. Hələ təkcə 19-cu əsrdə Şuşada 95 görkəmli şair və yazıçı, bundan əlavə 22 musiqişünas, 35 muğam ifaçısı, 70-dən çox tar, kamança və digər musiqi aləti ifaçılarının yaşayıb-yaratmışlar. Xurşidbanu Natəvanın, Qasım bəy Zakirin, Nəcəf bəy Vəzirovun vətəni, Molla Pənah Vaqifin yaşayıb-yaratdığı ocaq olub Şuşa. Muğam sənətinin də vətənidir Şuşa. Cabbar Qaryağdıoğlu, Xan Şuşinski, Bülbül kimi xanəndələr yetişdirib bu mədəniyyət şəhəri.


Şəhər özünə məxsus memarlığı ilə də seçilib. Burada 549 tarixi tikili, 17 məscid, 6 karvansara, 3 türbə, bir neçə kilsə və monastır, 2 qala və qala divarı ucaldılıb. Şəhər cənubdan məhşur cıdır düzü, şərqdən isə "Dövtələb" adlanan təpə ilə əhatə olunub. 17 məhəlləsinin hər birinin öz adətləri, məşğuliyyətləri olub.


Bu gün doğma Şuşa öz tarixi sahiblərinə qovuşub. 28 ildən sonra burada ilk dəfə Azərbaycan əsgərinin ayaq səsləri eşidilir. Qarabağ atları da 28 ildən sonra cıdır düzündə çapacaq. Xanın səsi havalanacaq Şuşa göylərinə, Qarabağın şikəstəsi eşidiləcək Şuşanın mədəniyyət mərkəzlərində, konsert zallarında. Xarı Bülbül isə bundan sonra vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Azərbaycan əsgərinin xatirə rəmzi olaraq xalqımızın ürəyində bitəcək, qəlbizimdə çiçək açacaq.


Xəbər lenti