Bakı -3 ℃
Xəzər Xəbər
USD 1.7

Dayanacağın girişinə mane olan iki ağacın dibi betonlanıb VİDEO

Veb TV | 189 | 20:48, 15 Yanvar
Dayanacağın girişinə mane olan iki ağacın dibi betonlanıb

Bakıda dayanacağın girişinə mane olan ağacların dibi betonlanıb. Baxmayaraq ki, aidiyyatı qurumlar tərəfindən tikinti işlərini aparan şəxslərə xəbərdarlıq edilib. İnkişafda olan ağacların qorunması ilə bağlı tərtib edilən akt da icraçılara təqdim edilib. Gecə ilə betonlanan ağacların dibi yenidən təmizlənib.


Dayanacağın girişinə mane olan iki ağacın dibi betonlanıb.


Nizami rayonu Cəmşid Naxçıvanski küçəsində yeni tikilən dayanacağın giriş hissəsində 2 metrə yaxın əraziyə beton tökülüb. İlk baxışdan ağacların dibinin təsadüfən betonlanması təəssüratı yaransa da, diqqətlə baxdıqda açıq-aydın görünür ki, əsas betonlama işləri məhz ağacın dibində aparılıb.


Dördmərtəbəli avtomobil dayanacağının 10 ilə yaxındır inşası aparılır. Görünən isə odur ki, bina hazır olsa da, əsas problem həll edilməmiş qalıb. Bu ağacları kəsmədən və ya ərazidən köçürmədən dayanacaqdan istifadə mümkünsüzdür. Məhz bu səbəbdən də ağacların qurudulması yeganə çıxış yolu kimi seçilib. İşi icra edənləri axtarsaq da, çəkiliş qrupunu görən zaman betonun suyu qurumamış bir anda yoxa çıxdılar.


Məsələylə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, həmin ağaclar nəzarətə götürülüb. Ağacların qurudulmaması və kəsilməməsi ilə bağlı tikinti şirkətinə də xəbərdarlıq edilib.


Hazırda dayanacağın girişində 4 ədəd ağac var. Onların ikisi girişi tam məhdudlaşdırır. Ağacların hər biri ilə bağlı akt tərtib edilib. Aktı pozan şəxs və ya şəxslər qanunvericiliyin tələbinə uyğun olaraq inzibati qaydada məsuliyyətə cəlb oluna və ya barəsində cinayət işi başlana bilər.


Çox oxunanlar