Xəzər Xəbər

"Xudafərin" və "Qız qalası" hidroqovşaqları bölgə üçün böyük imkanlar açır - VİDEO

Veb TV | 21:14 • 21 Oktyabr 2020
"Xudafərin" və "Qız qalası" hidroqovşaqları bölgə üçün böyük imkanlar açır -

Rəşadətli Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları sayəsində Xudafərinin azad edilməsi daha bir sahədə suverenliyimizin bərpasına gətirib çıxardı. Həmin ərazidə istifadəyə veriləcək "Xudafərin" və "Qız qalası" hidroqovşaqları vasitəsilə Azərbaycanın işğaldan azad edilən ərazilərinin su və enerji təchizatı problemləri həll ediləcək, bölgənin qısa müddətdə bərpası və inkişafı mümkün olacaq.

Xezerxeber.az-ın məlumatına görə, əslində, bu hidroqovşaqların tikintisi məsələsi hələ sovet dövründə qaldırılıb. 1989-cu ildə Azərbaycan rəhbərliyinin iştirakı ilə hidroqovşaq kompleksinin təməli qoyulub. Hətta 1993-cü ilin fevralında "Xudafərin" bəndinin tikintisi üçün yardımçı körpünün açılış mərasimi keçirilib. "Qız qalası" layihəsinin icrası isə Ermənistanın işğal siyasəti səbəbindən yarımçıq qalıb.

SSRİ dağılandan sonra müstəqil Azərbaycan "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının tikintisinin davam etdirilməsi, istismarı, su və elektrik enerjisindən istifadə şərtlərinə dair İranla ikitərəfli saziş bağlamalı idi. Lakin o dövrkü hakimiyyət belə saziş olmadan tikintiyə icazə verib. İki ölkə arasında tikinti, birgə istifadə və idarəçiliklə bağlı hökumətlərarası çərçivə sazişi olmasa da, su ehtiyatlarına kəskin ehtiyac duyan İran rəsmi Bakının da müvafiq qərarı olduğunu nəzərə alaraq, ərazilərimizin işğalından sonra tikintini birtərəfli qaydada davam etdirib. Yalnız 2016-cı ildə İranla uzunmüddətli danışıqlardan sonra Azərbaycanın bu infrastruktura sahibliyini təsdiqləyən saziş imzalanıb. Sazişin 1-ci maddəsində qeyd olunur ki, hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü mənafeləri əsasında tikintinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcək.

Əslində belə bir sazişin imzalanması Prezident İlham Əliyevin böyük bir siyasətçi və strateq olduğunun göstəricisi idi. Çünki bu layihələrin icra edilməsi işğaldan azad olunmuş ərazilərimizin bərpası, sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq. İnşa edilmiş su elektrik stansiyaları və hidroqovşaqlar vasitəsilə ətraf bölgədə sosial-iqtisadi inkişaf təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti