Xəzər Xəbər

Bir il əvvəl "25-26 il qaçqın olar?" deyərək narazılıq etmiş Zəngilan sakini indi sevinc içindədir - VİDEO

Veb TV | 20:30 • 21 Oktyabr 2020
Bir il əvvəl "25-26 il qaçqın olar?" deyərək narazılıq etmiş Zəngilan sakini indi sevinc içindədir -

Zəngilanın bəzi yaşayış məntəqələrinin işğaldan azad edilməsi sakinlərin böyük sevincinə səbəb olub.

Xezerxeber.az-ın məlumatına görə, torpağı işğaldan azad edilənlərdən bir də Yaşar Cəfərovdur.

Xatırladırıq ki, bir il əvvəl Zəngilan rayon sakini, 63 yaşlı Yaşar Cəfərov uzun illərdir, yurd həsrəti ilə yaşadığını və torpaqlarımızın işğaldan azad olunmadığını deyib paytaxt küçələrində narazılığını ifadə etmişdi.

"25-26 il qaçqın olar? Ayda bir kənd alsaydılar, qurtarmışdıq bu müsibətdən" deyən Zəngilan sakini bu çıxışı ilə sosial şəbəkələrdə diqqəti özünə çəkmişdi.

Həmin görüntülər artıq Yaşar Cəfərov üçün bir tarixdir. İndi o, işğal altında olan yox, azad edilmiş Zəngilanın sakinidir. Bu böyük uğura görə isə Yaşar Cəfərov Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdardır. O, Zəngilan rayonunun oktyabr ayında işğal olunub və 27 il sonra eyni ayda da işğaldan azad edildiyi üçün ikiqat sevindiyini deyir.

Yaşar Cəfərov deyir ki, Zəngilan onun üçün hər şeydən dəyərlidir. Ora gedən kimi ilk işi dizini yerə qoyub torpağı öpmək olacaq. 30 ilə yaxındır ki, bu həsrətə dayana bilmədiyini, lakin dövlətimizə və ordumuza güvəndiyini, bir ümid yeri olduğunu və bugünədək həmin ümidlə yaşadığını deyir.

Müsahibəmiz zamanı illərdir ki, üstündə gəzdirdiyi məcburi köçkün vəsiqəsi gözümüzə sataşdı. Ömrünün demək olar ki, yarısını məcburi köçkün olaraq keçirən Yaşar Cəfərov artıq bu vəsiqəni daşımaq istəmədiyini deyir.

İndi Yaşar Cəfərov Zəngilana qayıdıb, qurban kəsəcəyi günü səbrsizliklə gözləyir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti