Xəzər Xəbər

Əlahiddə Ümumqoşun Orduda təmir-tikinti işləri davam edir VİDEO

Veb TV | 15:16 • 28 May 2020
Əlahiddə Ümumqoşun Orduda təmir-tikinti işləri davam edir

Hazırda Əlahiddə Ümumqoşun Ordunun Şahbuz şəhərində yerləşən hərbi hissəsində bir əsgər yataqxanası əsaslı təmir edilir və hərbi şəhərcikdə isə yeni yaşayış binası tikilir.

XəzərXəbər Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında hərbi infrastrukturun müasirləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər çərçivəsində Ordu, birlik, birləşmə və hissələrdə əsgəri-məişət kompleksləri, təlim-tədris mərkəzləri, qərargah binaları və xəstəxanalar tikilib, sıra meydanı və idman şəhərcikləri salınıb.

Təmir-tikinti işlərinin davamı olaraq Əlahiddə Ümumqoşun Ordunun Şahbuz şəhərində yerləşən hərbi hissəsinin bir əsgəri-məişət kompleksində əsaslı təmir işləri görülür, digər iki əsgər yataqxanasında isə cari təmir işlərinin aparılması nəzərdə tutulur. Əsaslı təmir işlərinin aparıldığı əsgəri-məişət kompleksinin dam örtüyü yenilənib, hörgü-suvaq işləri davam etdirilir. Zirzəmi ilə birlikdə 4 mərtəbəli binada yataq yerləri, xidməti, məişət, silah və sinif otaqları şəxsi heyətin istifadəsində olacaq. Əsgəri-məişət kompleksinin keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilməsi nəzərdə tutulur. Binanın zirzəmisindən anbar və saxlanc kimi istifadə ediləcək.

Şahbuz şəhərindəki hərbi şəhərcikdə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə zabit-gizir ailələri üçün yeni yaşayış binası inşa olunur.

44 mənzilli yaşayış binası zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq. İki, üç və dörd otaqlı mənzillərin olacağı binada bütün kommunal-məişət şəraiti yaradılacaq, fərdi istilik sistemi qurulacaq, hər bir mənzil mebel dəstləri və digər ev əşyaları ilə təmin olunacaq. Binanın zirzəmisində isə müxtəlif təyinatlı mağazalar, anbarlar, tədbirlər zalı və digər xidmət sahələri fəaliyyət göstərəcək.

Göründüyü kimi texniki-təhlükəsizlik qaydalarına əməl olunmaqla hərbi obyektlərdə aparılan təmir-tikinti işləri muxtar respublikada hərbi qulluqçuların xidməti şəraitinin müasirləşdirilməsinə və sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb.

 

Xəbər lenti