Xəzər Xəbər

Hövsan çimərliyi ağır xəstəlik yarada bilər - Qadağaya məhəl qoymayanlara XƏBƏRDARLIQ - VİDEO

Veb TV | 20:28 • 1 İyul 2018
Hövsan çimərliyi ağır xəstəlik yarada bilər -

Hövsan çimərliyində çimmək qadağandır, bunun üçün əraziyə qadağanedici nişan vurulmasına baxmayaraq, insanlar dənizdə çimirlər. Dəniz suyu o qədər çirklidir ki, hətta bir neçə balıq ölərək suyun kənarına çıxıb. Həkimlər isə belə vəziyyətdə olan suda çimən şəxslərin, hətta hepatit xəstəliyinə yoluxma ehtimalının yüksək olduğunu bildirirlər.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Suraxanı rayonu ərazisində yerləşən Hövsan çimərliyində acınacaqlı vəziyyət hökm sürür. Burada dənizin suyu çirkabla doludur. Burada çimənlərin üzərində çirki də açıq-aydın görünür. Ətrafa yayılan üfunətdən isə bu əraziyə yaxın durmaq belə qeyri-mümkündür. Ancaq nə fayda, bütün bunlara baxmayaraq vətəndaşlar dənizdə çimirlər.

Əraziyə çimməyin qadağan olunduğunu bildirən nişan qoyulmasına baxmayaraq, bu qaydaya əməl edən yoxdur.

Hövsan çimərliyində çəkiliş apardığımız zaman xüsusən də uşaqların bu çimərlikdən istifadə etməsinin şahidi olduq.

Dəniz suyu çirkli olduğundan bir neçə balığın da ölü halda suyun kənarına çıxmasını müşahidə etdik.

Yaxınlıqda yaşayan və bu çimərlikdən istifadə edən sakinlər iddia edirlər ki, dənizin suyunun bu vəziyyətə düşməsinə səbəb kanalizasiya borusunun sahilə çıxarılması olub. Borunun çıxarılması ilə məşğul olan fəhlələr isə ərazidə çəkiliş apardığımızı görüb, həmin yerdən uzaqlaşdılar.

Bəs belə vəziyyətdə dənizdə çimənlər hansı xəstəliklərə yoluxa bilərlər?

Həkim Sevindik Arazovun sözlərinə görə, çirkabla dolu belə çimərlikdə çimənlər, hətta hepatit xəstəliyinə yoluxa bilərlər. Həkim həmçinin onu da bildirdi ki, səhər saat 10-dan 16-dək 5 yaşınadək uşaqların və 65 yaşdan yuxarı insanların dənizdə çimməsi məsləhət deyil. Onlar birbaşa günəş şüalarının altında olmamalıdırlar. Şəkərli diabet, arterial təzyiq, xroniki böyrək və qaraciyər çatışmazlığı olan xəstələrin də bu qaydaya əməl etmələri tövsiyə olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar