Xəzər Xəbər

Pxençan-2018 Qış Olimpiya Oyunlarının açılış mərasimi başladı VİDEO

Veb TV | 15:23 • 9 Fevral 2018
Pxençan-2018 Qış Olimpiya Oyunlarının açılış mərasimi başladı

Bir neçə dəqiqə əvvəl Cənubi Koreyanın Pxençan şəhərində XXIII Qış Olimpiya Oyunlarının açılış mərasimi başlayıb.

Olimpiadanın açılış mərasimi Alpenziya dağ xizəyi kurortundakı Hvanqe olimpiya parkında keçirilir.

Budəfəki Qış Olimpiya Oyunlarında 92 ölkədən 2925 idmançı mübarizə aparacaq. Malayziya, Sinqapur, Ekvador, Eritreya, Nigeriya və Kosova atletləri Qış Oyunlarında ilk dəfə iştirak edirlər. KXDR komandasına xüsusi kvota ayrılıb və bu ölkə Oyunlarda 22 idmançı, o cümlədən Şimali və Cənubi Koreyanın qadınlardan ibarət vahid xokkey komandası ilə təmsil olunur. BOK-un qərarı ilə Rusiya Oyunlara buraxılmasa da, Pxençana 169 rusiyalı idmançının gəlməsi gözlənilir. İsveçrəni 170, Almaniyanı 156, İtaliyanı 122 idmançı təmsil edir. Avstriya, Norveç, Finlandiya, Fransa Pxençana 100-dən çox idmançı göndərib. Azərbaycan Oyunlarda bir idmançı ilə təmsil olunacaq. Ölkəmiz 1998-ci ildən qış Olimpiya oyunlarında iştirak edir.

Bu gün səhər Olimpiya məşəli Cənubi Koreyaya çatıb. Məşəl estafetində məşhur aktyor Cekki Çan da iştirak edib.

Qış Olimpiya Oyunlarının açılış mərasimini izləmək üçün 21 ölkənin və bir neçə beynəlxalq təşkilatın rəhbər şəxsləri Pxençana gəlib. Onların arasında BMT-nin baş katibi Antonio Quterreş, Almaniya prezidenti Frank-Valter Ştaynmayer, Yaponiyanın Baş naziri Şinzo Abe, ABŞ-ın vitse-prezidenti Mayk Pens, İsveç kralı Karl Qustav, İsveçrə prezidenti Alain Berset, habelə Sloveniya, Polşa, Slovakiya, Litva, Estoniya və Latviyanın dövlət başçıları, Norveç, Danimarka, Lixtenşteyn və Finlandiyanın baş nazirləri, Monako knyazı, Danimarkanın şahzadə vəliəhdi, Kanadanın general-qubernatoru və başqaları var.

Olimpiya oyunlarının proqramına 15 idman növü daxildir. İdmançılar burada 102 dəst medal uğrunda mübarizə aparacaq. Oyunların bağlanış mərasimi fevralın 25-nə planlaşdırılıb.

Xəbər lenti