Xəzər Xəbər

Yaponiya silah ixracına məhdudiyyətləri yumşalda bilər

Texnologiya | 11:36 • 6 Noyabr 2022
Yaponiya silah ixracına məhdudiyyətləri yumşalda bilər

Yaponiya hökuməti silah ixracına qoyulan məhdudiyyətləri yumşaltmağı nəzərdən keçirir ki, bu da işlənmiş ağır texnikanın, o cümlədən tankların və raketlərin xaricə ixracına imkan verəcək.

Bu barədə “Nikkei” qəzeti məlumat yayıb. Bildirilir ki, Tokionun fikrincə, belə bir addım Çinin artan hərbi gücü qarşısında digər Asiya ölkələrinə dəstək verəcək. Bu hərbi texnikanın həmin ölkələrə qarşılıqsız verilməsi nəzərdə tutulur.

Qeyd edilir ki, ilin sonuna kimi təsdiq edilməli olan milli təhlükəsizlik strategiyasının yenilənmiş variantına müvafiq dəyişikliklər edilə bilər. Beləliklə, hazırkı ixrac qaydaları artıq 2023-cü ildə dəyişdirilə bilər.

Xatırladaq ki, 2014-cü ilin aprelində Yaponiya hökuməti silah və hərbi texnologiyanın ixracını qadağan edən 50 illik siyasətindən əl çəkərək, xaricə silah transferi üçün yeni qaydaları təsdiq edib. Bununla yanaşı, Yaponiyada bu cür ixracı ciddi şəkildə məhdudlaşdıran bir neçə prinsip də var. Həmin prinsiplərə görə, məsələn, bu cür texnika münaqişələrdə iştirak edən ölkələrə göndərilməməlidir. Qəzet yazır ki, həmin qayda hücuma məruz qalan ölkələrə ixraca icazə vermək üçün yumşaldıla bilər.

2017-ci ildə, sabiq Baş nazir Şinzo Abenin dövründə ixrac qaydaları təkmilləşdirilib və hazır məhsulların ixracına icazə verilib. Lakin məhdudiyyətlər səbəbindən yalnız bir radar sisteminin Filippinə çatdırılması həyata keçirilib.

Xəbər lenti