Xəzər Xəbər

NASA Ay gəmisinin buraxılışını yenə təxirə saldı

Texnologiya | 12:07 • 25 Sentyabr 2022
NASA Ay gəmisinin buraxılışını yenə təxirə saldı

“Space Launch System” daşıyıcı raketinin “Orion” kosmik gəmisi ilə sentyabrın 27-nə planlaşdırılan buraxılışı hava şəraiti səbəbindən qeyri-müəyyən müddətə təxirə salıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi üzrə Milli İdarəsinin (NASA) şənbə günü yaydığı məlumatda bildirilir. Qərar buraxılışın həyata keçiriləcəyi Florida ştatına “İen” tropik tufanının yaxınlaşması ilə əlaqədar qəbul olunub.

NASA bundan əvvəl “Orion” gəmisinin buraxılmasına iki dəfə - avqustun 29-da və sentyabrın 3-də cəhd göstərmişdi. Hər iki halda uçuş raketə yanacaq doldurulması zamanı hidrogen sızması aşkarlandıqdan sonra təxirə salınmışdı. NASA-nın mütəxəssisləri hesab edirlər ki, sızma raketin özündə deyil, yanacaqdoldurma avadanlığındakı problem səbəbindən baş verib, yəni uçuş üçün maneə yoxdur.

Xatırladaq ki, 2019-cu ilin yazında NASA üç mərhələdən ibarət “Artemis” proqramı layihəsini elan edib. Onlardan birincisi “Orion” kosmik gəmisinin Ay ətrafında pilotsuz uçuşunu və Yerə qayıdışını, ikinci mərhələ ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşunu, üçüncü mərhələ astronavtların Ay səthinə enməsini və təxminən 2030-cu illərin ortalarında Marsa uçuşunu nəzərdə tutur.