Xəzər Xəbər

İsveçrə ABŞ-dən 36 ədəd "F-35" alır

Texnologiya | 13:13 • 20 Sentyabr 2022
İsveçrə ABŞ-dən 36 ədəd "F-35" alır

İsveçrə hökuməti ölkənin hərbi hava qüvvələri üçün F-35 qırıcı-bombardmançı təyyarələrinin alınması üçün konkret addım ataraq, ABŞ-dən 36 ədəd Lockheed Martin F-35A təyyarəsinin alışına dair müqavilə imzalayıb.

Ölkədə qırıcıların alınması ilə bağlı etiraz və tənqidlərə rəğmən, hökumət qətiyyət nümayiş etdirib və müdafiə məsələləri üzrə məsul nazir Viola Amherd sənədi imzalayıb.

Silahlanma üzrə Federal İdarənin (Armasuisse) verdiyi məlumata görə, qırıcı-bombardmançı təyyarələrin tədarükünə dair müqavilənin dəyəri 6,035 milyard İsveçrə frankıdır. Təyyarələr 2027-2030-cu illər ərzində İsveçrə ordusuna təqdim olunacaq və hərbi hava donanmasındakı F/A-18 Hornet və F-5 Tiger təyyarələrini əvəz edəcək.

F-35 tipli qırıcıların alınmasına qarşı İsveçrədə etirazlar geniş idi və təşəbbüs qrupları məsələni referenduma çıxararaq, təyyarələrin tədarükünü qadağan etmək istəyirdilər. Parlamentin dəstəyini alan hökumət isə məsələni referenduma qədər saxlamayıb və təyyarələrin alışını rəsmiləşdirib. Müqavilənin tərəfdarları isə təyyarələrin alışının İsveçrə iqtisadiyyatına təkan verəcəyini hesab edirlər. Onların fikrincə, bu sövdələşmə ABŞ-la qarşılıqlı biznes imkanlarını artıracaq, digər tərəfdən isə İsveçrənin təhlükəsizliyinə töhfə verərək, bu ölkə ilə işgüzar əlaqələr qurmaq istəyənləri ruhlandıracaq. (AZƏRTAC)

Xəbər lenti