Xəzər Xəbər

Mars aparatı planetin səthindən süxur nümunələri götürə bilməyib

Uğursuzluğun analizi xüsusi qrup tərəfindən tədqiq olunacaq
Texnologiya | 16:09 • 7 Avqust 2021
Mars aparatı planetin səthindən süxur nümunələri götürə bilməyib

“Perseverance” kosmik aparatı ilk cəhddən Mars planetinin səthindən süxur nümunələri götürə bilməyib.

Xezerxeber.az ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) saytına istinadla xəbər verir ki, uğursuzluğun analizi xüsusi qrup tərəfindən tədqiq olunacaq.

“Perseverance” mars aparatının Yerə göndərdiyi məlumatlar göstərir ki, ilk cəhddən heç bir nümunə toplamaq mümkün olmayıb”, - deyə NASA-nın saytında bildirilir.

Əldə edilən məlumata əsasən, nümunələrin götürülməsi sistemi plana uyğun şəkildə çalışıb, lakin telemetrik analizlər əməliyyat nəticəsində sınaq şüşəsində qruntun olmadığını göstərib.

Qeyd edək ki, “Perseverance” kosmik aparatı fevralın 18-də Ezero kraterinin yaxınlığında Mars səthinə enib. NASA mütəxəssisləri bir neçə ay ərzində kosmik aparatdakı bütün sistemləri, avadanlıqları yoxlayıb və sınaqdan keçirib.

“Perseverance” Mars səthindən götürəcəyi torpaq nümunələrini konteynerlərə yerləşdirməli və xüsusi aparat vasitəsilə Yerə endirməli idi. NASA bunun 2030-cu illərdə baş tutacağını gözləyir.

Xəbər lenti