Xəzər Xəbər

“Tianwen-1” zondu Marsın səthinə uğurlu eniş edib

Texnologiya | 16:11 • 15 May 2021
“Tianwen-1” zondu Marsın səthinə uğurlu eniş edib

Çinin kosmos tarixində ilk dəfə olaraq “Tianwen-1” Mars missiyasının özüyeriyən tədqiqat qurğusu endirici modul ilə birlikdə qırmızı planetin səthinə uğurlu eniş edib.

AZƏRTAC Çinin Dövlət Kosmos Administrasiyasına istinadla xəbər verir ki, Pekin vaxtı ilə mayın 15-də səhər saatlarında baş tutan eniş qırmızı planetin Utopiya düzənliyində baş verib.

Orbitdə qalmağı, Marsın səthinə enməni təmin edən modullardan və özüyeriyən tədqiqat qurğusundan ibarət “Tianwen-1” ötən ilin iyulunda orbitə çıxarılıb. Bu, Çinin Günəş sistemindəki planetlərin öyrənilməsi ilə bağlı ilk missiyasıdır.

Kosmik zond bu ilin fevralında Marsın orbitinə daxil olub və təxminən 2 ay səthə eniş yerinin müəyyən olunması üçün araşdırma aparıb. Mayın 15-də səhər saat 4 radələrində eniş modulu və özüyeriyən qurğu orbitdə zonddan ayrılaraq avtonom rejimdə Marsın səthinə enməyə başlayıb. Eniş modulu və özüyeriyən qurğunun olduğu kapsul təxminən 3 saat sonra 125 kilometr hündürlükdə Marsın atmosferinə daxil olub. Bu, missiyanın ən riskli mərhələsi hesab olunurdu.

Kapsulun sürəti saniyədə 4,8 kilometrdən saniyədə 460 metrədək azalandan sonra sahəsi 200 kvadratmetr olan paraşüt açılıb və bununla sürət saniyədə 100 metrə düşüb. Mars səthindən təxminən 100 metr hündürlükdə olanda enmə qurğusu kapsuldan ayrılıb və maneələrdən qaçaraq nisbətən hamar meydançaya enib.

Çinli alimlər Mars zondunun köməyi ilə planetin atmosferini, relyefini, geoloji xarakteristikasını, maqnit sahəsini öyrənə biləcəklər. Bununla yanaşı, missiyanın əsas məqsədi Marsın gələcəkdə insan həyatı üçün yararlı ola biləcəyi barədə suala cavab tapmaqda alimlərə kömək etməkdir. Zond müxtəlif araşdırmalar aparmaq üçün aparat 2 panorama kamerası, multispektral kamera, aşkarlayıcı radar, maqnetik detektor, meteoroloji ölçü alətləri ilə təchiz olunub.

Xəbər lenti