Xəzər Xəbər

Azərbaycanın "Avroviziya-2022" təmsilçisi müəyyənləşib

Şou Biznes | 10:16 • 16 Fevral 2022
Azərbaycanın "Avroviziya-2022" təmsilçisi müəyyənləşib

"Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək iştirakçının adı açıqlanıb.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən xəbərə görə, bu il ölkəmizi İtaliyanın Turin şəhərində "Səs Azərbaycan" müsabiqəsinin qalibi, istedadlı ifaçı Nadir Rüstəmli təmsil edəcək.

İctimai TV-də yayımlanmış beynəlxalq lisenziyalı "Səs Azərbaycan"ın böyük finalında tamaşaçıların dəstəyini almış və səs çoxluğu ilə qalib seçilmiş gənc müğənni Nadir Rüstəmli 1999-cu ildə Salyan şəhərində doğulub və uşaq yaşlarından musiqi ilə məşğul olub. O, 2019-cu ildə "Youthvision" beynəlxalq tələbə mahnı müsabiqəsində ölkəmizi təmsil edib və 21 ölkə arasında Azərbaycana 2-ci yeri qazandırıb.

Ölkəmizin “Avroviziya-2022”də təmsil olunması üçün mahnı seçimi üzrə qəbul mərhələsi bu müsabiqənin rəsmi yayım hüququna sahib olan İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən başa çatdırılıb.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, tanınmış bəstəkar İsa Məlikov bildirib ki, seçim üçün 300-dən çox mahnı təqdim edilib: "Hər zaman olduğu kimi, janrdan asılı olmayaraq, gözəl və peşəkar mahnı axtarmağa çalışırıq. Özümüzə sadiq qalaraq, mahnı seçimində bu il də ilk növbədə onun ifaçının səsi və ifa tərzi ilə nə dərəcədə uzlaşacağına önəm verəcəyik. Seçim prosesi mart ayının 2-ci həftəsində başa çatacaq və mahnı elan olunacaq".

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçiriləcək və şüarı "The sound of beauty" ("Gözəlliyin səsi") olan "Avroviziya-2022" mahnı müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10 və 12-də, final mərhələsi isə mayın 14-də "PalaOlimpico"da baş tutacaq.

İmsak və İftar vaxtı 2022

Xəbər lenti