Xəzər Xəbər

Məşhur aktrisa Hindistan üçün çağırış etdi: Lütfən, kömək edin!

Şou Biznes | 17:08 • 2 May 2021
Məşhur aktrisa Hindistan üçün çağırış etdi: Lütfən, kömək edin!

Hindistan əsilli məşhur aktrisa Priyanka Çopra koronavirus pandemiyasının dəhşət saçdığı Hindistan üçün zəngin ölkələrdən kömək istəyib.

Aktrisa “Tvitter” hesabında ABŞ Prezidenti Baydeni və ABŞ Dövlət Katibi Antoni Blinkeni tag edərək, yazıb: "Vətənim Hindistan dünyada koronavirus böhranından ən çox əziyyət çəkən ölkədir. Hamımız kömək etməliyik.

ABŞ ehtiyac duyulandan 550 milyon doza çox peyvənd sifariş edib. "AstraZeneca"nı dünya ilə paylaşdığınız üçün təşəkkür edirəm. Amma ölkəmdə vəziyyət çox ciddidir. Peyvəndləri təcili olaraq Hindistanla paylaşa bilərsinizmi? Lütfən, ölkəmə kömək edin".

Bir müddət bundan əvvəl Ağ Ev sözçüsü Jen Psaki ABŞ-ın 60 milyon dozaya yaxın "AstraZeneca" peyvəndini ehtiyacı olan digər ölkələrlə paylaşmağa başlayacağını bildirmişdi. ABŞ Prezidenti Bayden isə Hindistandakı koronavirus pandemiyası ilə əlaqədar vəziyyəti yaxından izlədiklərini və ölkəyə yardım göndərəcəklərini bəyan etmişdi.

22 apreldən etibarən Hindistanda koronavirusa yoluxanların və ölənlərin sayı dünya ölkələri arasında ən pik səviyyəyə çatıb. Təkcə ötən həftə ölkədə gündəlik yoluxma sayı 300 min nəfər qeydə alınıb.
Bu günə qədər isə Hindistanda koronavirusa 19,5 milyondan çox yoluxma, 213,3 mindən çox isə ölüm faktı qeydə alınıb.

Hindistanda koronavirus epidemiyası nəzarətdən çıxdığı üçün Avstraliya bu ölkə ilə uçuşları dayandırıb. Sabahdan isə Hindistanda olan Avstraliya vətəndaşlarının vətənə geri qayıtması ilə bağlı qadağa qüvvəyə minəcək. Bununla da növbəti 14 gün ərzində Hindistanda olan Avstraliya vətəndaşları ölkələrinə geri dönə bilməyəcəklər. Qadağanı pozmaq istəyən Avstraliya vətəndaşlarını 5 ilə qədər həbs cəzası və 66.000 Avstraliya dolları (təqribən 51.000 ABŞ dolları) məbləğində cərimə gözləyir./Musavat.com

Xəbər lenti