Xəzər Xəbər

Salyanda törədilmiş ağır cinayət üstü açılıb

Region | 22:00 • 22 Noyabr 2022
Salyanda törədilmiş ağır cinayət üstü açılıb

Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Salyan rayonu Xocalı kəndi ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin “isti izlərlə” açılması təmin edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a bildirilib ki, noyabrın 18-də Masallı rayonu, Qızılağac kənd sakini 1957-ci il təvəllüdlü Etibar Məmmədovun üzərində xəsarət izləri olan meyitinin Salyan rayonu, Xocalı kəndi ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə həyata keçirilmiş intensiv istintaq və əməliyyat axtarış tədbirləri ilə Etibar Məmmədovun sərnişin kimi avtomobilinə götürdüyü 1975-ci il təvəllüdlü Müşviq İskəndərovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Müşviq İskəndərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Xəbər lenti