Xəzər Xəbər

Sabirabadda qeyri-adi OĞURLUQ: özünü də qarət etdi FOTO

Çalışdığı şirkətdən pul mənimsəyən şəxs saxlanıldı
Region | 12:00 • 19 Avqust 2022
Sabirabadda qeyri-adi OĞURLUQ: özünü də qarət etdi

Avqustun 18-də Sabirabad rayon sakini Nicat Ağayev İmişli rayon Polis Şöbəsinə müraciət edərək rayon ərazisində saxladığı nəqliyyat vasitəsinin yan şüşələrinin naməlum şəxs və ya şəxslərin qırması, avtomobildə olan pul, mobil telefon və sənədlərin oğurlaması barədə məlumat verib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini vətəndaşın özünün törətdiyi müəyyən edilib.

Araşdırmalar zamanı məlum olub ki, şirkətlərin birində satış təmsilçisi kimi çalışan N.Ağayev satışdan əldə olunan 4137 manat pulu mənimsəyib. Daha sonra isə izi itirmək üçün avtomobilin yan şüşəsini daşla qıraraq, nəqliyyat vasitəsindən şirkətə məxsus 4370 manat, eləcə də özünün 120 manat pulunun, mobil telefonunun və avtomobilin müvafiq sənədlərinin oğurlanması səhnəsi yaradıb və bu barədə polisə məlumat verib.

Şöbə əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 1454 manat pul, eləcə də oğurlanması barədə məlumat verdiyi mobil telefon və digər sənədlər aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı N.Ağayev barəsində İmişli rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti