Xəzər Xəbər

İşğaldan azad olunmuş Köndələnçay su anbarı Füzulidə suvarma işlərini yaxşılaşdırıb

Region | 09:13 • 18 Oktyabr 2021
İşğaldan azad olunmuş Köndələnçay su anbarı Füzulidə suvarma işlərini yaxşılaşdırıb

Füzulidə suvarma işlərinin səmərəli aparılması üçün lazımi tədbirlər görülür. Artıq işğaldan azad edilən Aşağı Köndələnçay su anbarından bir neçə kənddə suvarma işlərində istifadə edilir. Uzun illər erməni işğalında qalan və zəfər yürüşü zamanı azad edilən Köndələn çay su anbarı kompleksi tam istismara başladıqdan sonra isə 10 min hektardan çox sahənin suvarma işi yaxşılaşacaq.

30 il müddətində erməni vəhşiliyinə məruz qalan Füzuli artıq bir ildir işğaldan azad edilib, indi rayon həm də təbii sərvətləri ilə birlikdə əsl sahiblərindədir. Artıq Füzulidə həyat yenidən bərpa olunur. O cümlədən Füzuli rayonunun Mirzəcamallı kəndində olan Aşağı Köndələnçay su anbarı da qismən suvarma işlərində istifadə edilir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin Füzuli Suvarma Sistemləri İdarəsinin rəisi Əhməd Əsgərovun verdiyi məlumata görə, Köndələnçay çayı üzərində 3 ədəd su anbarı vardır. Onlardan Köndələnçay-1 Su anbarı 1951-ci ildə inşa edilib və tutumu 2.1 milyon kubmetrdir. Köndələnçay-2 anbarının isə 3.9 milyon kubmetr su tutumu var. Çay üzərində yerləşən ən böyük anbar isə Aşağı Köndələnçay su anbarıdır və 9.5 milyon su tutumuna malikdir. Üç anbarın birlikdə su tutumu isə 15,5 milyon kubmetrdir. Həmçinin Köndələnçaya paralel axan Quruçaydan üzərində iki ədəd hidroqovşaq vasitəsi ilə bu anbarlara su axıdılması mümkündür. Lakin uzun illər işğal altında qalan anbarlar ermənilər tərəfindən istifadə edilərək yararsız hala salınıb. Ötən il Azərbaycan tarixinə yazılan şanlı Qələbə nəticəsində su anbarları da əsl sahiblərindədir. Artıq Aşağı Köndələnçay su anbarından Kürdmahmudlu və Alxanlı kəndlərinin suvarılmasında istifadə edilir.

Alxanlı kənd sakini Sabir Ağayev deyir ki, uzun illər su anbarları mənfur ermənilərdə olduğu üçün suvarma işlərində çətinlik vardı. Lakin qələbədən sonra torpaqlarımızın azad edilməsi suvarma işlərinin daha da yaxşılaşmasına səbəb olub. Bunun sayəsində əkin sahələri vaxtında lazımi səviyyədə su qəbul edib.

Hazırda rayon üzrə suvarma işinin mütəşəkkil təşkili üçün lazımi tədbirlər görülür. Ümumilikdə 27 min 300 hektar əkin sahəsinə 1300 km-dən çox uzunluğu olan suvarma kanalları vasitəsi ilə xidmət göstərilir. Əkin sahələri öz axımı ilə yanaşı, həm də su nasosları vasitəsi ilə suvarılır. Hazırda kanallara suyun vurulması üçün 51 ədəd su nasosu vardır.

İdarədən verilən məlumata görə, cari ilin planına uyğun olaraq suvarma kanallarında lildən təmizlənmə işləri aparılır və yekunlaşmaq üzrədir. Həmçinin kanallara vaxtında su vurulması üçün hidrotexniki qurğuların cari və əsaslı təmiri də mütəmadi olaraq nəzarətdə saxlanılır. (AZƏRTAC)

Xəbər lenti