Xəzər Xəbər

İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanıblar

Region | 14:10 • 25 İyun 2021
İşğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaq istəyən şəxslər saxlanıblar

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iyunun 24-də saat 19 radələrində Füzuli Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində 2 saylı Zobucuq qəsəbə sakini S.Quliyev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə işğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edərkən saxlanılıb.

Sürücü və sərnişinləri - həmyerliləri H.Səfəralıyev və Ə.Mahmudov polis şöbəsinə gətirilib və onlarla profilaktiki söhbətlər aparılıb. Həmin şəxslərə mina və partlayıcı vasitələrin insan həyatı üçün ciddi təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

Xəbər lenti