Xəzər Xəbər

Mingəçevirdə kütləvi zəhərlənmə, yoxsa mədə pozğunluğu?

Region | 09:52 • 17 İyul 2017
Mingəçevirdə kütləvi zəhərlənmə, yoxsa mədə pozğunluğu?

Mingəçevirdə dördü azyaşlı, biri hamilə qadın olmaqla 6 nəfər yaxın qohum zəhərlənib.

"Report” xəbər verir ki, hadisə Mingəçevirin "Şəfa” bağ massivində qeydə alınıb. Elə zəhərlənən qohumlar da bu ünvanda yaşayırlar. İlkin məlumata görə, bir süfrədə qarpız, yemiş, kətə yeyib "Cansu” içən qohumlar ağır zəhərlənmə keçirərək təcili xəstəxanaya çatdırılıblar.

Zəhərlənən şəxslərdən beş nəfərinin adı məlumdur:

-2008-ci il təvəllüdlü Mustafazadə Aytac Sadiq qızı

-2009-cu il təvəllüdlü Mustafazadə Səbinə Sadiq qızı

-2010cu il təvəllüdlü Məmmədzadə Vüsalə Vüsal qızı

-2013-cü il təvəllüdlü MəmmədzadəUğur Vüsal oğlu

-1990-cı il təvəllüdlü Məmmədova Aytən Mismir qızı

Azyaşlıların dördü də uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Aytən Məmmədovaya Təcili yardım şöbəsində lazımi tibbi yardım göstərilib. Nəslin adı hələ müəyyənləşməmiş gənc hamilə gəlini isə ginekologiya şöbəsinə göndərilib.

Son məlumata görə, A.Məmmədovanın və hamilə xanımın durumu stabilləşib, uşaqların müalicəsi isə reanimasiya şöbəsində davam edir.

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi İlham Mayılov sayta xoşagəlməz hadisənin qida qəbulundan qaynaqlandığını və 6 qohumun səhhətində yaranan qəfil narahatlığın alimentik mədə pozğunluğu ilə bağlı olduğunu deyib: "Xoşagəlməz qida qəbulu, kəskin qastrit haqqında danışılan xəstələrdə mədə pozğunluğu yaradıb. Xəstəxanaya gətirilmiş şəxsləri təkrar-təkrar müayinə etmişik və nəticədə bu qənaətə gəmişik ki, bu, anladığımız qədərincə, zəhərlənmə deyil, mədə pozğunluğudur”.

Xəbər lenti