Xəzər Xəbər

Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olundu

Mədəniyyət | 12:38 • 7 Aprel 2023
Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olundu

Xalq artisti Yusif Eyvazov Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına direktor vəzifəsinə təyin olunub.

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bu barədə mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.

Yusif Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.

O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb.

Yusif Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib. (APA)

Xəbər lenti

Çox oxunanlar