Xəzər Xəbər

Xalq artisti Fikrət Verdiyev vəfat edib

Mədəniyyət | 09:18 • 22 Dekabr 2022
Xalq artisti Fikrət Verdiyev vəfat edib

"Göygöl" Dövlət Mahnı və Rəqs Ansamblının yaradıcısı Xalq artisti Fikrət Verdiyev vəfat edib.

Bu barədə APA-ya sənətçinin yaxınları məlumat verib. 

O, Gəncə şəhərində vəfat edib.

Fikrət Verdiyev 1947-ci ildə Gəncədə anadan olub. Hələ tələbə ikən Gəncə şəhər və Daşkəsən rayonu musiqi məktəblərində də pedaqoji fəaliyyətə başlayıb. 1966-cı ildə Gəncə orta ixtisas musiqi məktəbində təhsilini başa vuraraq Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının tar-dirijor, xalq ifaçısı fakültəsinə daxil olub.

1969-cu ildə “Göy göl” xalq çalğı alətləri ansamblını yaradıb. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rübabə Muradova, Nəzakət Teymurova, Flora Kərimova, İlhamə Quliyeva, Nisə Qasımova, Səkinə İsmayılova, Kəmalə Rəhimli, Arif Babayev, İslam Rzayev, Canəli Əkbərov, Məmmədbağır Bağırzadə, Elmira Rəhimova, Baba Mahmudoğlu və başqa tanınmış sənətçilər bu ansamblla çıxış ediblər.

1990-cı ildə ansamblın bazasında Gəncə Dövlət Filarmoniyasını yaradan Fikrət Verdiyev filarmoniyanın nəzdində “Göy göl” mahnı və rəqs ansamblından başqa notlu xalq çalğı alətləri orkestrini və kamera orkestrini yaradıb.

Qeyd edək ki, Fikrət Verdiyev dahi sənətkar Xan Şuşinskinin qızı ilə evli olub və tanınmış müğənni Bəyimxanım Cavanşirovanın atası idi.

Allah rəhmət eləsin.

Xəbər lenti