Xəzər Xəbər

“Astrid Lindqren” xatirə mükafatına iki azərbaycanlı yazıçının namizədliyi irəli sürülüb

Mədəniyyət | 09:34 • 24 Oktyabr 2022
“Astrid Lindqren” xatirə mükafatına iki azərbaycanlı yazıçının namizədliyi irəli sürülüb

2023-ci il üzrə uşaq ədəbiyyatında nailiyyətlərinə görə, İsveçin məşhur “Astrid Lindqren” xatirə mükafatına iki azərbaycanlı yazıçının namizədliyi irəli sürülüb.

Mükafata namizədlər siyahısında azərbaycanlı yazıçılar Sevinc Nuruqızı və Raziyə Rəhimzadənin adları qeydə alınıb.

İsveç hökuməti tərəfindən 2002-ci ildə dünyaca məşhur uşaq yazıçısı Astrid Lindqrenin şərəfinə təsis edilmiş xatirə mükafatına növbəti il ümumilikdə 64 ölkədən 251 namizəd qeydə alınıb. Bu qlobal mükafat hər il uşaq və gənclər ədəbiyyatının inkişafına böyük töhfə verən şəxsə və ya təşkilata verilir. Mükafat laureatı hər il 12 nəfərdən ibarət münsiflər heyəti tərəfindən seçilir və sonradan İsveçin paytaxtında xüsusi keçirilən tədbirdə qalibə təqdim edilir. Mükafatlandırma mərasiminə İsveçin vəliəhd şahzadəsi Viktoriya rəhbərlik edir.

Qeyd edək ki, cari ildə “Astrid Lindqren” xatirə mükafatına isveçli yazıçı və illüstrator Eva Lindström layiq görülüb. Ona təqdim olunan mükafatın dəyəri 5 milyon isveç kronu (təqribən 760 min manat) təşkil edib. (AZƏRTAC)

Xəbər lenti