Xəzər Xəbər

Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı başa çatıb

Mədəniyyət | 16:21 • 8 May 2022
Şuşa Birinci Beynəlxalq Kulinariya Festivalı başa çatıb

Azərbaycanın dilbər guşəsi Şuşada keçirilən Beynəlxalq Kulinariya Festivalı bu gün başa çatıb.

Xezerxeber.az xəbər verir ki, Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif ölkələrin kulinarları bir araya gəliblər.

Beynəlxalq Kulinariya Festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya, Malayziya, Türkiyə və Yaponiyadan olan kulinarlar qonaqları ölkələrinin təamları ilə tanış ediblər. Tədbirdə Belçika, Çexiya, Fransa, İtaliya, İsrail, Kanada, Koreya Respublikası, Qazaxıstan, Özbəkistan, Rusiya, Türkiyə və digər ölkələr qida sahəsi üzrə beynəlxalq ekspertlər və blogerlər ilə təmsil olunub.

Kulinariya festivalına Azərbaycanın müxtəlif iqtisadi rayonları qatılıb.

Festival zamanı Şuşada təkcə dünya xalqlarının təamları deyil, həmçinin müxtəlif ölkələrin maddi-mənəvi dəyərləri təqdim edilib. Tədbir zamanı hər bir ölkənin pavilyonunda həmin ölkələrin mədəniyyətlərinə aid xüsusi personajlar yer alıb.

Festival günlərində incəsənət ustalarının iştirakı ilə bədii proqram təqdim edilib, istirahət və əyləncə zonasındakı pavilyonlarda tamaşalar, konsert və sərgilər təşkil olunub.

Kulinariya festivalının son günündə Azərbaycanın milli musiqiləri səsləndirilib, qonaqlara yerli tamaşa və filmlərdən səhnəciklər təqdim edilib.

Festival tədbir iştirakçılarının Azərbaycanın milli rəqsi olan “Yallı” sədaları altında rəqsi ilə yekunlaşıb.

Xəbər lenti