Xəzər Xəbər

Romada Heydər Əliyev Fondunun bərpasına başladığı Komodilla katakombaları ziyarət edilib

Mədəniyyət | 09:42 • 16 Yanvar 2022
Romada Heydər Əliyev Fondunun bərpasına başladığı Komodilla katakombaları ziyarət edilib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycandakı dini icmaların təmsilçilərindən ibarət nümayəndə heyəti Romada Heydər Əliyev Fondunun iştirakı ilə bərpasına başlanılan Müqəddəs Komodilla katakombalarını ziyarət edib.

Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Artıq on ildən çoxdur ki, Fondun dəstəyi ilə Vatikanda və Romada mühüm tarixi əhəmiyyət daşıyan dini abidələr bərpa olunur.

Romanın VIII rayonu ərazisində yerləşən Müqəddəs Komodilla katakombalarında aparılan restavrasiya işləri isə İtaliya paytaxtındakı katakombalardan birinin ictimaiyyət üçün açılması və bu yolla şəhərin mədəni zənginliyinə daha bir incinin əlavə olunması ilə nəticələnəcək.

Məlumat verilib ki, katakombaların bərpası işləri Heydər Əliyev Fondu və Müqəddəs Taxt-Tacın Müqəddəs Arxeologiya Şurası arasında ötən ilin martında imzalanan əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Məqsəd indiyədək ictimaiyyət üçün qapalı olan Komodilla katakombalarını bərpa edərək ziyarətçilərin istifadəsinə verməkdir.

Bununla da Heydər Əliyev Fondu və Vatikan arasında mövcud əməkdaşlıq artıq növbəti mərhələyə qədəm qoyur. Birgə əməkdaşlıq çərçivəsində ilk mərhələdə Müqəddəs Marçellinio və Pietro katakombalarının bərpası layihəsi həyata keçirilib. Bərpadan sonra ictimaiyyət restavrasiya olunmuş həmin katakombaları ziyarət edə bilir.

İkinci mərhələdə isə Müqəddəs Sebastian Bazilikasında sarkofaqların restavrasiya edilərək qorunduğu muzey yaradılıb. Hazırda muzey ziyarətçilər üçün açıqdır. (AZƏRTAC)

Xəbər lenti