Xəzər Xəbər

Nizami məqbərəsinin faciəvi tarixi

Mədəniyyət | 16:33 • 4 Dekabr 2021
Nizami məqbərəsinin faciəvi tarixi

Dahi şair Nizami Gəncəvinin vəfatından sonra XIII əsrin əvvəllərində tikilən məqbərəsi Atabəylər dövlətinin hökmdarı Qızıl Arslan tərəfindən ona hədiyyə edilmiş Həmdünyan, yəni indiki Əhmədli kəndinin ərazisində yerləşir.

Yerli əhali bu əraziyə “Şıx düzü” və ya “Şeyx düzü” də deyir. Burada aparılan arxeoloji qazıntılar sübut edir ki, ərazi vaxtilə Gəncə şəhərinin müqəddəs yerlərindən olub. Nizaminin vəfatından sonra məzarı ziyarətgaha çevrilib. Dövrün alimləri və tanınmış şəxsləri də bu ərazidə dəfn edilib.

Tarixçi Bəxtiyar Məhərrəmov deyir ki, Nizami məqbərəsinin tarixi nə qədər qədim olsa da, bir o qədər də faciəvidir. “XIX əsrin əvvəllərində Rus imperiyasının Qafqazda yeritdiyi işğalçılıq siyasəti nəticəsində Gəncə xanlığının süqutundan sonra, 1826-cı ildə “Şeyx düzü”ndə baş verən məşhur Yelizavetpol döyüşü zamanı məqbərə ciddi zədələnir və təmir edilmədiyindən bərbad vəziyyətə düşür. XIX əsrin 40-cı illərində tamamilə dağılmaq təhlükəsi ilə üzləşən məqbərənin ciddi təmirə ehtiyacı vardı. Bunu görən Qarabağ xanlığının tarixçisi Mirzə Adıgözəl bəy XIX əsrin ortalarında məqbərəni təmir etdirərək, onun uçmuş günbəzinin əvəzində yeni bir günbəz tikdirir. XX əsrin əvvəllərində isə Adıgözəl bəyin nəslindən olan və Gəncənin polis rəisi işləyən Əjdər bəy Adıgözəlov-Gorani günbəzi təmir etdirir,” - deyə o bildirib.

Lakin bundan sonra da məqbərə baxımsızlıq ucbatından yenidən dağılmaq təhlükəsi ilə üz-üzə qalır. XIX əsrin sonunda Məkkə ziyarətinə gedən Seyid Əzim Şirvani Nizaminin məqbərəsini ziyarət edir və onun acınacaqlı vəziyyətindən təsirlənərək, məşhur rübaisini söyləyir:

Ey Şeyx Nizami, ey nizamı dağılan,

Ey Gəncədə izzü-ehtişamı dağılan.

Olmayıbdır cahanda bir səninlə məntək,

Beyti, evi, məktəbi, kəlamı dağılan.

1922-ci ildə Gəncə ziyalıları toplaşaraq, Mirzə Məhəmməd Axundzadə, tarixçi alim Cavad bəy Rəfibəyov və Mirkazım Mirsüleymanzadədən ibarət komissiya yaradırlar. Komissiyanın qarşısına məqbərənin təmiri ilə məşğul olmaq məqsədi qoyulsa da, sonradan tamam başqa mövqe tutuldu və heç kimlə məsləhətləşmədən Nizaminin məzarını Gəncə şəhərinin mərkəzinə köçürmək qərarı verildi.

Nizami irsi və həyatı ilə yaxından maraqlanan Bəxtiyar Məhərrəmov araşdırmaçıların ilkin mərhələdə əldə etdikləri tapıntılarla qane olmadığını deyir: “Məqbərənin içinə tökülmüş daş və torpaq təmizləndikdən sonra bir qəbir aşkar olunub. Qəbirdən çıxarılan sümüklərin Nizamiyə aid olduğu düşünülərək, onlar taxta yeşiyə yığılıb. Lakin sümüklərin çox incə və kiçik olması komissiya üzvlərini şübhələndirir və onlar məqbərə səthini təzədən qazmağa başlayırlar. Təxminən 1 metr dərinliyə doğru qazıntı apardıqdan sonra taxta tabuta rast gəlinir. Məlum olur ki, Nizaminin cənazəsi kəfənə büküldükdən sonra üstündən tirmə ilə sarınıb və palıddan hazırlanmış bir tabuta qoyulub. Tabutun özünün də tirmə ilə sarınması cənazənin böyük ehtiram və hörmətlə dəfn edildiyindən göstərir”.

1925-ci ildən başlayaraq məzarın üzərində tikiləcək məqbərə üçün müxtəlif layihələr təklif edilirdi. 1926-cı ildə Azərbaycan Politexnik İnstitutunun tələbələri tərəfindən işlənmiş layihə müsabiqədə birinci yeri tutur və hökumət səviyyəsində bu layihə əsasında məqbərənin inşasına razılıq verilir. Lakin naməlum səbəblər üzündən layihənin icrası təxirə salınır. 1930-cu ildə Şeyx Nizaminin qəbri ikinci dəfə açılır və 1932-ci ildə nəhayət, qəbrin üzərinə müvəqqəti abidə qoyulur.

Həmsöhbətimiz deyir ki, 1981-ci ildə Nizaminin 840 illik yubiley tədbirləri zamanı məqbərənin acınacaqlı durumu, o zaman Azərbaycan KP MK-nın I katibi işləyən ulu öndər Heydər Əliyevin nəzərindən yayınmır və o, Nizaminin məzarı üzərində daha əzəmətli bir məqbərə ucaltmaq təklifi ilə çıxış edir. Layihə bəyənilsə də, Heydər Əliyevin Moskvaya yüksək vəzifəyə təyin olunması ilə yeni məqbərənin tikintisi təxirə salınır. 1990-cı ildə Nizaminin 850 illik yubileyi ərəfəsində, məqbərənin tikintisinə başlamaq qərara alınır, lakin bu proses də itkisiz ötüşmür.

Məqbərə ətrafında aparılan abadlıq işləri zamanı Nizaminin qəbri yerləşən kurqanın böyük bir hissəsi dağıdılıb və minə qədər qədim qəbir məhv edilib. Layihə müəlliflərinin bütün səylərinə baxmayaraq, tikinti işləri də tələm-tələsik və başdansovdu aparılıb.

Yalnız 2011-ci ildə Abidələrin Bərpası Elmi-tədqiqat Layihə İnstitutunda AMEA-nın müxbir üzvü Cəfər Qiyasinin rəhbərliyi altında hazırlanmış layihə əsasında, məqbərə kompleksi əsaslı təmir olunub. Məqbərənin qarşısında Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Gəncəvi Muzeyi də inşa edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub. Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması təkcə Nizami yaradıcılığına, ədəbiyyata deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyaya verilən dəyərdir. (AZƏRTAC)

Xəbər lenti