Xəzər Xəbər

Azərbaycanda XVII - XVIII əsrlərə aid qalxan bərpa olunub

Mədəniyyət | 15:30 • 3 May 2021
Azərbaycanda XVII - XVIII əsrlərə aid qalxan bərpa olunub

Milli Azərbaycan Tarixi Muzeyində XVII - XVIII əsrlərə aid qalxan bərpa olunub.

Bu barədə Tarix Muzeyindən məlumat verilib. Bildirilib ki, muzeyə təhvil verilən qalxan Bərpa laboratoriyasına yönləndirilib. Laboratoriyanın bərpaçı-rəssamı Əjdər Qafarov tərəfindən eksponat bərpa edilib. Qalxan beş umbonludur, nümayiş və mərasim xarakterli müdafiə silahıdır. Qalxanın üstü nəbati naxışlarla, qızılı işləmələrlə, oyma naxışlarla bəzədilib, mərkəzdəki umbonda insan sifətli günəş təsvir olunub. Qalxanın kənarlarındakı nəbati ornamentlər qızıl suyu ilə çəkilib.

Qeyd edək ki, muzeyin Silahlar və bayraqlar fondunun əsas hissəsini təşkil edən müdafiə silahları Azərbaycanın maddi mədəniyyət abidələri kimi milli-mənəvi dəyərlərimizi, soykökümüzü təsdiqləyən tarixi mənbədir. Buradakı silah kolleksiyası müəyyən tarixi dövrün ictimai-siyasi hadisələrini, mədəniyyətini, hərb tarixini əks etdirməklə yanaşı, xalq tətbiqi sənətinin inkişafını, dövrün silah ustalarının yüksək peşəkarlığını özündə ehtiva edir.

Muzeydə qorunan müdafiə silahları dövrünə görə yüksək müdafiə texnikası ilə silahlanmış Azərbaycan döyüşçüsünün hərbi səriştəsini nümayiş etdirməklə yanaşı, ölkəmizdə metalişləmə, o cümlədən silahqayırma istehsalının qədim dövrlərdən başlayaraq inkişaf yolunu izləmək imkanı verir. Müxtəlif dövrlərə aid eskpozisiyada təqdim olunan bu növ silahlar hərb tariximizin şücaət dolu səhifələrinin gənc nəslə çatdırılmasında, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm vasitə rolunu oynayır.

Xəbər lenti