Bakı 7 ℃
Xəzər Xəbər
USD 1.7

Pənahəli xanın tikdirdiyi Şahbulaq qalası - FOTOLAR

Mədəniyyət | 202 | 13:52 • 23 Yanvar 2021
Pənahəli xanın tikdirdiyi Şahbulaq qalası -

Respublikamızın dilbər guşələrindən olan Qarabağ tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. Erməni işğalçıları 30 ilə yaxın müddət ərzində bu tarixi abidələri, məscidləri, məzarlıqları dağıdıb, muzeyləri və maddi-mənəvi sərvətlərimizi talan ediblər. Düşmən tarixi ərazilərimizdəki abidələrimizin bir qismini məhv etməklə yanaşı, bəzilərini də erməniləşdirməyə cəhd göstərib.


Qarabağ ərazisindəki ən məşhur abidələrdən biri Ağdam rayonunun ərazisindəki XVIII əsə aid Şahbulaq qalasıdır.


Ağdam şəhərinin 10 kilometrliyində, Şahbulaq kəndi yaxınlığında yerləşən bu qala 1751-1752-ci illərdə Qarabağ xanlığının banisi Pənahəli xan tərəfindən inşa edilib. Elmi ədəbiyyatda "Şahbulaq qəsri” adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin iç qalası olub. Saray kompleksi yerli inşaat materialları əhəngdən və dağ daşlarından inşa edilib. Kompleks yaşayış evlərindən, bazar, hamam və məsciddən ibarət idi. Kompleksin ətrafı mühafizə divarları, nəzarətçi qüllələri ilə əhatələnib. Divarların hündürlüyü 7 metr, qüllələrin hündürlüyü 8,5 metrdir. Kompleksin yeganə girişi Şərq tərəfdəndir. Şahbulaq saray kompleksinin şimal-qərbində, bulağın yaxınlığında məscid də inşa edilib. Qəsr adını gur sulu bulağın adından alıb.


Pənahəli xan Şuşa qalasını inşa edənədək Şahbulaq qalası Qarabağ xanlığının inzibati mərkəzi olub. Şahbulaq tikililəri Qarabağ xanlığının, xüsusilə də onun paytaxtı olmuş Şuşa şəhərinin memarlığına təsir göstərib.


Hazırda Şahbulaq qəsr kompleksindən indiyə bulaq yanındakı təpə üzərində ucalan qala və məscid binası qalıb. Ermənilər 1993-cü ildə Ağdamı işğal etdikdən sonra bir sıra abidələrimiz kimi Şahbulaq qalasını da erməniləşdirməyə çalışıb, yaxınlıqdakı məscidi isə kilsə kimi təqdim ediblər.


Şahbulaq qalası füsunkar təbiətə malik ərazidə yerləşir. Qalanın yaxınlığında axan bulağın suyu hovuza tökülür, oradan isə düzən əraziyə axır. Ərazidəki əsrarəngiz mənzərə insanın ruhunu oxşayır, qəlbə sakitlik gətirir. Saf dağ iqlimi, gözəl təbiət mənzərələri, yaxınlıqdakı sərin sulu bulaq Şahbulaq qalasının turizm əhəmiyyətini daha da artırır. (AZƏRTAC)

Çox oxunanlar