Azərbaycanda elektrik enerjisinə görə 1 kvadratmetr sahə üçün 1 aylıq istilik enerjisi 24-80 qəpiyə başa gəlir, amma tarif 30 qəpik müəyyən olunub.
Xezerxeber.az xəbər verir ki, “Azərenerji” ASC-nin Texniki istehsalat idarəsinin rəisi Vaqif Tağıyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında - "İstilik təchizatı haqqında" qanun layihəsi ilə bağlı ictimai dinləmədə bildirib.
"1 kvadratmetr yaşayış sahəsinin isidilməsi üçün iki normativ var. 1990-cı illərdən sonra tikilib istifadəyə verilmiş binalarda istilik izolyasiyaları var. 1990-cı illərə qədər tikilən binalar isə panel evlərdir. 1-ci kateqoriya üzrə hər mövsümdə 1 kvadratmetr sahə üzrə 60-80 kVt/saat, 2-ci kateqoriya üzrə isə hər mövsümdə 1 kvadratmetr sahə üzrə 150-200 kVtsaat elektrik enerjisi tələb olunur. Hazırda Tarif Şurasının qərarı ilə istilik təchizatı ilə əlaqədar 1 kv metr üçün 30 qəpik tarif müəyyən edilib, mövcud tariflərə əsasən “Azəristiliktəchizat” ASC-yə istilik enerjisinin topdansatışı isə 3 manatdır. Normativlərdə evlərin sahəsində də fərqlər var. “Xruşşovka”larla yeni tikililər arasında 3 dəfəyə qədər fərq var. Elektrik enerjisinin miqdarına uyğun olaraq, 1 aylıq istilik enerjisinin dəyəri 24-80 qəpik arasındadır. Amma hazırda tariflə 30 qəpik təyin olunub. Hazırkı tariflər real qiymətdən 4-13 dəfə aşağıdır. Hazırda həm elektrik, həm istilik enerjisi sosial tarifdir", - deyə o qeyd edib.