Xəzər Xəbər

"Təəssüf ki, bir çox nəzarət orqanları və auditorlar nöqsanları vaxtında aşkar etmirlər"

İqtisadiyyat | 11:15 • 23 May 2025
"Təəssüf ki, bir çox nəzarət orqanları və auditorlar nöqsanları vaxtında aşkar etmirlər"

Bu gün bütün ölkələri narahat edən problemlərdən biri də cinayət yolu ilə əmlakın əldə edilməsi və ondan terrorizmin maliyyələşdirilməsində istifadə olunması hallarının tam aradan qaldırılmamasıdır.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Auditorlar Palatasının sədri Vahid Novruzov Auditorlar Palatasının və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə nəzarət orqanlarının rolu, vəzifələri və məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.

Nəzərə çatdırılıb ki, belə halların yolverilməzliyini davamlı olaraq qeyd edən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023–2025-ci illər üzrə Milli Fəaliyyət Planı” bu istiqamətdə çox mühüm kompleks tədbirlərin reallaşdırılmasını hədəfləyib.

“Milli Fəaliyyət Planı öz əhatəliliyi və təkmilliyi baxımından çox əhəmiyyətli sənəd olmaqla, cəmiyyətimiz üçün həyati vacib istiqamətləri özündə ehtiva edir. Əlamətdar haldır ki, ölkəmizin müvafiq dövlət orqanları və digər qurumları tərəfindən ötən dövr ərzində Milli Fəaliyyət Planının icrası istiqamətində Maliyyə Monitorinqi Xidmətinin və Kordinasiya Şurasının dəstəyi ilə mühüm nəticələr əldə olunub. Bu da Azərbaycanın beynəlxalq aləmdə reytinqinin yüksəlməsinə zəmin yaradıb. Lakin görüləsi işlər də hələ çoxdur. Təəssüf ki, bir çox nəzarət orqanları, o cümlədən auditorlar yetərincə şübhəli maliyyə əməliyyatlarının aşkar edilməsinin qayğısına qalmır və ya nöqsanları vaxtında aşkar etmirlər. Bunlar isə həm hüquqi məsuliyyətə, həm də peşəkar nüfuz itkilərinə səbəb olur. Qanunsuzluga qarşı mübarizədə nəzarət orqanlarının məsuliyyəti yalnız texniki yoxlama ilə məhdudlaşmır. Onlar etik prinsiplərə əsaslanaraq şəffaflığı təşviq etməli və maliyyə sisteminin sağlamlığına töhfə verməlidirlər. Peşəkar fəaliyyət və sosial məsuliyyət anlayışı işimizin ayrılmaz hissəsi olmalıdır. Bu baxımdan mühasiblərin və auditorların həm çirkli pulların aşkarlanmasında, həm də hüquqi uyğunluğun təmin olunmasında rolunu müəyyənləşdirən Beynəlxalq Audit Standartlarına (məsələn, 240 və 250 BAS) və beynəlxalq təcrübələrə uyğun hərəkət etmələri zəruridir. Eyni zamanda, maliyyə nəzarəti orqanları təşkilatın mövcud daxili nəzarət siyasətlərini və prosedurlarını təkmilləşdirmək üçün müvafiq tövsiyələr təqdim etməlidirlər”, - deyə Vahid Novruzov vurğulayıb.

Palata sədri bildirib ki, çirkli pulların yuyulması və kibercinayətkarlıq ilə effektiv mübarizədə müasir texnologiyaların və süni intellektin istifadəsi də nəzarət orqanlarının diqqət mərkəzində olmalıdır: “Nəzarət orqanları xarici həmkarlarla və beynəlxalq təşkilatlarla (məsələn, BMT, MONEVAL, FATF) birgə işləməli və informasiya mübadiləsi aparmalıdırlar. Bu əməkdaşlıq təcrübə mübadiləsi ilə yanaşı cinayətkar qrupların sərhəd aşan maliyyə əməliyyatlarını izləmək və qarşısını almaq məqsədi güdür. Nəzarət orqanları müvafiq qurumların əməkdaşlarını, maliyyə sektorunun işçilərini və cəmiyyəti çirkli pulların yuyulması və bu fenomenin fəsadları barədə maarifləndirmək üçün də çox işlər görməlidirlər. Ümid edirəm ki, bugünkü konfransımızda səsləndiriləcək fikirlər əsasında hazırlanacaq tövsiyələr ölkələrimizdə ƏL/TM-ə qarşı mübarizədə nəzarət orqanlarının məsuliyyətlərinin gücləndirilməsinə və vəzifələrinin daha da ciddi yerinə yetirilməsinə öz müsbət töhfəsini verəcək”.

Xəbər lenti