Xəzər Xəbər

Aleksey Overçuk: Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb

İqtisadiyyat | 15:45 • 29 Noyabr 2024
Aleksey Overçuk: Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb

Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Rusiya hökuməti beynəlxalq buraxılış məntəqələrinin modernləşdirilməsinə böyük diqqət yetirir. Elə dünən RF Hökumətinin sədri Mixail Mişustin bu məsələni qaldırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Moskvada keçirilən MDB İqtisadi Şurasının 104-cü iclası çərçivəsində Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçuk bildirib. O, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin qitəmizin şimal bölgələri, Şərq və Qlobal Cənub ölkələri arasında təkmilləşdirilmiş əlaqəni təmin edən əsas istiqamət olduğunu vurğulayıb.

“Rusiya hökumətinin yeni tərkibində ilk dəfə olaraq nəqliyyat və logistika komponentlərinə cavabdeh olan Baş nazirin müavini vəzifəsi təsis edilib. “Şimal-Cənub” dəhlizi qitənin şimalı, Şərq ölkələri və Qlobal Cənub arasında əlaqəni təmin edən ən mühüm istiqamətlərdən biridir. Söhbət cənub istiqamətinə yeni marşrutların, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasından və inkişafından gedir. Biz bu problemi hərtərəfli nəzərdən keçiririk. Bu, Qara dəniz, Cənubi Qafqaz və Xəzər regionlarına aiddir”, -deyə Overçuk bildirib.

Rusiya hökuməti başçısının müavini qeyd edib ki, Rusiya həm də Xəzər dənizinin sahili ilə Rusiya-Azərbaycan ərazisindən keçən və daha sonra İrana gedən qərb marşrutunu fəal şəkildə inkişaf etdirir.

A.Overçuk vurğulayıb: “Bu istiqamətdə çox fəal iş gedir. Bununla yanaşı, burada artıq Azərbaycandan keçməklə Rusiya-İran sərhədini birləşdirən avtomobil marşrutu – müasir yol mövcuddur. Bu yol artıq fəaliyyət göstərir və Rusiya-Azərbaycan sərhədindən yükdaşımaların həcmi 5 dəfə artıb. Hökumətimiz beynəlxalq buraxılış məntəqələrinin təkmilləşdirilməsi və modernləşdirilməsinə böyük diqqət yetirir”. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar