Xəzər Xəbər

Mastercard tezliklə Azərbaycanda süni intellekt YARADIR

İqtisadiyyat | 10:30 • 10 İyun 2024
Mastercard tezliklə Azərbaycanda süni intellekt

Mastercard tezliklə Azərbaycanda süni intellektə (AI) əsaslanan yeni xidmət platforması təqdim edəcək.

Bu barədə Mastercard-ın Azərbaycan üzrə regional meneceri Emil Zeynalov deyib.

"Süni intellekt yeni olmaqla yanaşı, həm də çox populyar və sürətlə inkişaf edən tendensiyadır", - deyə Emil Zeynalov qeyd edib.

Onun sözlərinə görə, Mastercard süni intellekti öz texnologiyalarına, o cümlədən, Azərbaycan bazarında təqdim olunacaq texnologiyalara inteqrasiya edir.

"Yaxın vaxtlarda istifadəçilərimizə süni intellekt platforması əsasında yeni xidmətlər təklif etməyi planlaşdırırıq. Bu xidmətlər kart əməliyyatlarında kibertəhlükəsizlik, kibercinayətkarlıq və fırıldaqçılıqla mübarizəyə yönəldiləcək və yeni xidmətə hər bir əməliyyat üçün qiymətləndirmə daxil olacaq. Tərəfdaşlarımız əməliyyatların təhlükəsizliyini qiymətləndirmək və kart sahibləri üçün yüksək səviyyədə müdafiəni təmin etmək üçün bu qiymətləndirmədən istifadə edə biləcəklər”, - Emil Zeynalov əlavə edib.

O, həmçinin, qeyd edib ki, Mastercard hazırda Azərbaycanda nəqliyyat layihələrini genişləndirmək üzərində çalışır.

"Bizim nəqliyyat sektorunda böyük təcrübəmiz var və Türkiyə də daxil olmaqla, onlarla ölkədə uğurlu layihələr həyata keçirmişik", - deyə Zeynalov bildirib.

Onun sözlərinə görə, müxtəlif şəhərlərdə müştərilər Mastercard kartlarından ictimai nəqliyyatda, o cümlədən, avtobus və metrolarda ödəniş etmək üçün istifadə edə bilərlər.

"2021-ci ildə biz yerli banklardan biri ilə birgə Şamaxıda uğurlu nəqliyyat layihəsinə start verdik. Artıq üç ildir ki, kart istifadəçiləri gediş haqlarını nağdsız, böyük güzəştlərlə ödəyə bilirlər. Bu təcrübəni Azərbaycanın digər şəhərlərinə də tətbiq etmək üçün həmçinin dövlət qurumları və bank tərəfdaşları ilə fəal işləyirik”, - deyə Emil Zeynalov əlavə edib.

Nağdsız ödənişlərdən danışan menecer qeyd edib ki, Azərbaycanda nağdsız ödənişlərin ümumi istehlak xərclərindəki payı 30 faizə yaxındır.

"Bu, əhəmiyyətli artım potensialından xəbər verir və bizim strategiyamızın əsasında nağd ödənişlərlə mübarizə dayanır. Nağd pul həm dünya üzrə, həm də Azərbaycanda bu mübarizədə əsas rəqibimizdir. Nağdsız əməliyyatların payının durmadan artdığını görürük və bütün texnologiyalarımız, innovasiyalarımız və yeni məhsul və xidmətlərimiz bu göstəricinin daha da yüksəldilməsinə yönəlib”, - Emil Zeynalov bildirib.

Mobil telefon nömrələrinə pul köçürmələri ilə bağlı sualı cavablandıran Zeynalov qeyd edib ki, bu xidmət tezliklə Azərbaycan bazarında da tətbiq olunacaq.

"Biz bu xidməti yaxın gələcəkdə Azərbaycan bazarında tətbiq etmək üçün müxtəlif bazar iştirakçıları, o cümlədən tənzimləyicilərlə əməkdaşlıq edirik. Ümid edirik ki, istifadəçilərimizi sevindirəcəyik və əminəm ki, bu, tezliklə baş verəcək. Texnologiyamıza çıxışı olan bütün istifadəçilər həm Azərbaycan daxilində, həm də xaricə pul köçürmələri edə bilir”, - o əlavə edib.

Bundan əlavə, Zeynalov qeyd edib ki, Mastercard artıq kartdan kənar hesablar arasında pul köçürmələrinə imkan verən xidmətə də malikdir.

"Bu xidməti keçən il bir neçə bankla uğurla inteqrasiya etdik və yaxın gələcəkdə digər maliyyə institutları ilə müvafiq əməkdaşlığı yekunlaşdırmağı planlaşdırırıq. Bu, müştərilərimizə təkcə kartlar arasında deyil, həm də kart və hesab arasında, eyni zamanda hesablar arasında pul köçürməyə imkanı verəcək. Beləliklə, xidmətlərimizi yalnız kartdan karta köçürmələrlə məhdudlaşdırmırıq”, - deyə Emil Zeynalov bildirib.

Öz növbəsində, Mastercard-ın Azərbaycan və Türkiyə üzrə baş direktoru Avşar Gürdal Trend-ə özəl müsahibəsində Mastercard-ın fəaliyyətlərində süni intellektdən (AI) fəal istifadə etdiyini bildirib.

“Bizim bütün infrastrukturumuz süni infrastruktur əsasında çalışan modellər üzərində qurulub”, o bildirib.

Gürdal, həmçinin, bu yaxınlarda Mastercard tərəfindən süni intellektdən istifadə edərək, biznes qərarları üçün modellər quran və inkişaf etdirən “Brighterion” şirkətinin satın alındığını diqqət çatdırıb.

"Hazırda şəbəkəmizin ana xəttində saxtakarlığı aşkar etmək üçün ondan [Brighterion-dan] istifadə edirik", Gürdal qeyd edib.

Tranzaksiya prosesi ilə bağlı Gürdal bildirib ki, Mastercard sistemi əməliyyatın xarakterini müəyyən edir və süni intellekt əsaslı təhlildən sonra onun təsdiq və ya rədd edilməsinə qərar verir.

"Biz, həmçinin, emitentlər və ekvayerlərə [əldə edənlər] əməliyyatların istiqamətləndirilməsi ilə bağlı qərarlar qəbul etməkdə kömək etmək üçün qiymətləndirmələr hazırlayırıq", - Gürdal əlavə edib.

Bundan əlavə, Gürdal kredit riski anderraytinqi [maliyyə vəziyyətinin qiymətləndirilməsi] və çarpaz satış mexanizmləri kimi biznes qərarları üçün süni intellekt modellərindən istifadə etmək məqsədilə üzvləri ilə birlikdə işləyən “Mastercard Advisors”un rolunu vurğulayıb.

"Süni intellekt uzun müddətdir ki, dizayn və strategiyamızın mühüm bir hissəsidir", deyən baş direktor həmçinin şirkətin gələcək aylarda və illərdə xüsusilə tərəfdaş banklarla layihələrin sayını artırmaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, Mastercard kredit, debet və öncədən ödənişli kartlar daxil olmaqla, maliyyə xidmətləri göstərən beynəlxalq ödəniş sistemidir. O, kart sahiblərinə dünya üzrə milyonlarla satış nöqtələrində nağdsız ödənişlər etmək imkanı verir. Mastercard həmçinin banklara, ticarət qurumlarına və digər maliyyə institutlarına texnoloji həllər təqdim edir. Mastercard kartları bir çox ölkələrdə qəbul edilir və geniş çeşiddə əməliyyatlar, o cümlədən, mağazadaxili alış-verişlər, onlayn əməliyyatlar, bankomatlardan nağd pul çıxarılması və digər maliyyə əməliyyatları üçün istifadə olunur.(trend)

Rubrikanın digər xəbərləri

"Naxçıvan Bank" BOKT-a
"Naxçıvan Bank" BOKT-a ÇEVRİLİR
11:52 • 20 İyun 2024
Azərbaycan neftinin qiyməti 88 dollara
Azərbaycan neftinin qiyməti 88 dollara ÇATDI
09:20 • 20 İyun 2024
Orta aylıq əməkhaqqı 1 000 manatı
Orta aylıq əməkhaqqı 1 000 manatı KEÇDİ
12:29 • 12 İyun 2024
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə HƏRRACA ÇIXARILIR
09:35 • 12 İyun 2024
Azərbaycan neftinin qiyməti
Azərbaycan neftinin qiyməti 82 dollar
09:36 • 11 İyun 2024
Mastercard tezliklə Azərbaycanda süni intellekt
Mastercard tezliklə Azərbaycanda süni intellekt YARADIR
10:30 • 10 İyun 2024
Laçın və Ağalıda kiçik bizneslər
Laçın və Ağalıda kiçik bizneslər YARADILDI
11:44 • 7 İyun 2024

Xəbər lenti