Xəzər Xəbər

Fermerlərə subsidiyaların ödənişinə başlanılıb

İqtisadiyyat | 13:12 • 6 Fevral 2024
Fermerlərə subsidiyaların ödənişinə başlanılıb

Fermerlərə payızlıq əkinlər və çoxillik əkmələrə görə subsidiyaların ödənişinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Xezerxeber.az-a bildirilib ki, ilkin mərhələdə 2023-2024-cü təsərrüfat ili üzrə 536 min 702 əkin bəyanı əsasında 263 min 992 fermerə, ümumilikdə, 109 milyon 517 min manat əkin subsidiyası ödənilib. Subsidiya ödənişləri payızlıq əkinlər və çoxillik əkmələrə görə bəyan olunmuş 543 min 298 hektar sahəni əhatə edir.

Subsidiyalar Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Ötən il fevralın əvvəllərində 189 min 946 əkin bəyanı üzrə 93 min 904 fermerə 48 milyon 636 min manat ilkin əkin subsidiyası ödənilib. Ödənişlər 258 min 349 hektar əkin sahəsini əhatə edirdi.

Bu il ilkin mərhələdə subsidiya ödənişi alan fermerlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8 dəfə, subsidiya vəsaitinin miqdarı 2,3 dəfə, əkin sahəsinin həcmi 2,1 dəfə, ödəniş edilən bəyanların sayı 2,8 dəfə çoxdur.

AKİA-dan bildirilib ki, subsidiya ödənişlərin sürətli köçürülməsinə müsbət təsir edən amillərdən biri də fermerlərin çıxarış sənədlərini əldə etməsidir.

Qanunvericiliyə uyğun olaraq, fermerlər karta köçürülmüş vəsaitin 25 faizini nağdlaşdıra, 75 faizini isə qeyri-nağd qaydada mineral gübrə, biohumus, sertifikatlı toxum, ting və pestisid ala bilər, habelə torpaqların aqrokimyəvi analizinin aparılmasına, çoxillik əkmələrdə müasir suvarma sistemlərinin və dirəklərin alınmasına və qurulmasına sərf edə bilərlər.

Hazırda payızlıq əkinləri EKTİS-də bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq sənədlərinin monitorinqi davam edir. Əkinləri üzrə monitorinqləri başa çatmış, torpağın aqrokimyəvi analizinin nəticələrini EKTİS-ə daxil etmiş və sığortaya dair məlumatları EKTİS-ə inteqrasiya edilmiş fermerlərin siyahısı hazırlanır və hər həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada həyata keçirilir. Payızlıq əkinlərə və çoxillik əkmələrə görə subsidiya ödənişlərinin mümkün qısa müddətdə başa çatdırılması nəzərdə tutulur.

Subsidiyaların ödənişi davam edəcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti

Çox oxunanlar