Azərbaycan Respublikasından yaxın günlərdə Rusiya Federasiyasına quşçuluq təsərrüfatları məhsullarının, əsasən də ərzaqlıq yumurtanın ixrac olunması ilə əlaqədar razılıq əldə olunub. Bu da qida təhlükəsizliyi nəzarəti sisteminin artıq Azərbaycanda sənaye quşçuluq səviyyəsində beynəlxalq standartlara uyğun olmasından irəli gəlir.
Xezerxeber.az xəbər verir, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli deyib.
O, həmçinin Rusiya Federasiyası ilə fitosanitar sahədə olan əməkdaşlıqdan söz açıb: “2023-cü ilin ötən illərə nisbətən bitki xəstəlikləri haqqında təcili bildiriş vərəqəsi Azərbaycana kifayət qədər az daxil olub. Bu isə ölkəmizin ərazisində bitki sağlamlığının daha da mütəşəkkil təşkil olunmasından xəbər verir. Bir sıra bitkiçilik məhsulları var ki, onların Rusiya Federasiyasına ixracı zamanı artıq sadələşdirilmiş ixrac metodlarından istifadə olunacaq. Həmin məhsulların hər partiyası deyil, ancaq seçmə üsulu ilə risk əsaslı müayinə metodları tətbiq olunacaq”.
AQTA sədrinin sözlərinə görə, Azərbaycanın bəzi bitkiçilik məhsullarında Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayan dövrdən etibarən bir dəfə də olsun hər hansı bir xəstəlik aşkar olunmayıb. “Bununla əlaqədar biz “Rosselxoznadzor”un rəhbəri ilə razılıq əldə etdik ki, biz sağlam istehsal müəssisələri və sağlam şirkətlər siyahısı hazırlayaq və bundan sonra Azərbaycandan Rusiyaya, Rusiyadan isə Azərbaycana həmin sağlamlıq statusu almış müəssisələrdən çox çevik və asan məhsulların idxalı və ixracını həyata keçirilə bilək”, - deyə o əlavə edib.