Xəzər Xəbər

Azərbaycan ilə Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır

İqtisadiyyat | 11:55 • 15 Sentyabr 2023
Azərbaycan ilə Slovakiya arasında ikiqat vergitutma aradan qaldırılır

Azərbaycan ilə Slovakiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır.

Xezerxeber.az xəbər verir ki, bu məsələ “Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

“Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Saziş 2023-cü il 7 iyun tarixində Bratislava şəhərində imzalanıb. Bu Sazişin məqsədi tərəf dövlətlər arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi və vergi münasibətlərində əməkdaşlığın gücləndirilməsidir. Saziş preambuladan və 30 maddədən ibarətdir.

Bu Sazişin müddəaları tərəf dövlətlərin birinin və ya hər ikisinin rezidenti olan şəxslərin Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisinə, Slovakiyada isə fiziki şəxslərin və hüquqi şəxslərin gəlir vergisinə münasibətdə tətbiq edilir.

Hazırkı Sazişin tətbiqində səlahiyyətli orqanlar qismində Azərbaycan tərəfindən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Maliyyə Nazirliyi, Slovakiya tərəfindən isə Maliyyə Nazirliyi, yaxud onun səlahiyyətli nümayəndəsi müəyyənləşdirilib.

Sazişin müddəalarına əsasən razılığa gələn dövlətin rezidenti tərəfindən razılığa gələn digər dövlətdə yerləşən daşınmaz əmlakdan əldə edilən gəlirlər, daşınmaz əmlakın özgəninkiləşdirilməsindən əldə edilən gəlirlər, razılığa gəlinən digər dövlətin rezidentinə ödənilən dividendlər, ödənilən faizlər, royaltilər, teatr, kino, radio, televiziya, musiqi və idman sahələrində incəsənət xadimi kimi əldə edilən gəlirlər razılığa gələn digər dövlətdə vergiyə cəlb edilir.

Razılığa gələn dövlətin müəssisəsinin mənfəəti, dəniz və ya hava gəmilərinin beynəlxalq daşımalarda istismarından əldə etdikləri gəlirlər, rezident fiziki şəxs tərəfindən peşəkar xidmətlərdən və yaxud müstəqil xarakterli digər fəaliyyətlərdən əldə edilən gəlirlər, muzdlu işlə əlaqədar əldə edilən əməkhaqqı və digər oxşar mükafatlar razılığa gələn dövlətdə vergiyə cəlb edilir.

Azərbaycanın rezidenti Sazişin müddəalarına uyğun olaraq Slovakiyada vergiyə cəlb edilə bilən gəlir əldə etdiyi təqdirdə Azərbaycan həmin rezidentin gəlirindən Slovakiyada ödənilən gəlir vergisinə bərabər məbləğdə vergi çıxılmasına icazə verir. Eyni qaydada Slovakiyanın rezidenti Sazişin müddəalarına uyğun olaraq Azərbaycanda vergiyə cəlb edilən gəlir əldə edərsə Slovakiya həmin rezidentin gəlirindən Azərbaycanda ödənilən gəlir vergisinin məbləğinə münasibətdə verginin çıxılmasına icazə verir.

Hər iki tərəf dövlətlərinin daxili qanunvericiliklərinə uyğun olaraq həmin Sazişi təsdiqləyən yazılı bildirişin alındığı tarixdən sonrakı üçüncü ayın birinci günü Saziş qüvvəyə minir.

Bu Saziş tərəf dövlətlərdən biri tərəfindən ləğv edilənə qədər qüvvədə qalır.

Xəbər lenti

Çox oxunanlar