Xəzər Xəbər

Avtomobillərin utilizatorlarının reyestri aparılacaq

İqtisadiyyat | 13:51 • 1 İyun 2023
Avtomobillərin utilizatorlarının reyestri aparılacaq

Avtomobillərin utilizatorlarının reyestri aparılacaq.

Xezerxeber.az-ın xəbərinə görə, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iyunun 6-da keçirilən birgə iclasında müzakirəyə çıxarılan “İstehsalat və məişət tullantıları haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edilib ki, ərizə və ona əlavə olunan sənədlər ərizəçi tərəfindən birbaşa və ya səlahiyyətli nümayəndə tərəfindən təqdim olunmalıdır. Ərizəyə daxil olduğu gündən 10 (on) iş günü müddətində baxılır.

Reyestrdə qeydiyyata alınmaq üçün nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət informasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət informasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.

Sənədlərdə və ya məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olduqda ərizənin qəbul edildiyi gündən etibarən 3 (üç) iş günü müddətində bu barədə ərizəçiyə yazılı məlumat verilir. Bütün çatışmazlıq və uyğunsuzluqlar ərizəçiyə eyni anda bildirilməlidir.

Ərizəçi həmin məlumatı aldığı gündən 10 (on) iş günü müddətində çatışmazlıq və ya uyğunsuzluqları aradan qaldırmalıdır. Bu zaman ərizəyə baxılması ilə bağlı müddətin axımı dayandırılır. Çatışmazlıq və ya uyğunsuzluqların aradan qaldırılması barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur.

Ərizəçi sənədlərdə və ya məlumatlarda aşkar olunmuş çatışmazlıq və ya uyğunsuzluqları vaxtında aradan qaldırmadıqda ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir. Çatışmazlıq və uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra ərizəçinin reyestrdə qeydiyyata alınmaq üçün yenidən müraciət etmək hüququ vardır.

Sənədlərdə və məlumatlarda çatışmazlıq və ya uyğunsuzluq olmadıqda ərizəçinin reyestrdə qeydiyyata alınması və ya ərizəçi reyestrdə qeydiyyata alınmaq üçün bu qanunda nəzərdə tutulan tələblərə cavab vermədiyi hallarda onun reyestrdə qeydiyyata alınmasından imtina haqqında əsaslandırılmış qərar qəbul edilir və 3 (üç) iş günü müddətində sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada ərizəçiyə göndərilir.

Ərizəçinin reyestrdə qeydiyyata alınması barədə qərar qəbul edildiyi gündən 3 (üç) iş günü müddətində ona dair məlumatlar reyestrə daxil edilərək bu barədə ərizəçiyə sifarişli poçt bildirişi ilə və ya elektron qaydada məlumat verilir.

Utilizatorlara vahid və təkrarolunmaz 11 (on bir) rəqəmdən ibarət qeydiyyat nömrəsi verilir və reyestrdə əks olunur.

Utilizatorun qeydiyyatı ləğv edildikdə onun qeydiyyat nömrəsi silinmir, başqasına verilmir və bu barədə reyestrdə müvafiq qeyd aparılır.

Reyestrdə qeydiyyata alınmış utilizatorlar bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulan məlumatlarda dəyişiklik baş verdiyi gündən 5 (beş) iş günü müddətində həmin dəyişikliyin reyestrə daxil edilməsi məqsədilə operatora məlumat verməlidirlər.

Dəyişikliklərin qeydiyyatı bu maddənin dördüncü hissəsində, beşinci hissəsinin ikinci-dördüncü abzaslarında və altıncı - on ikinci hissələrində nəzərdə tutulan qaydada həyata keçirilir.

Reyestrdə dəyişiklik edilərkən qeydiyyat nömrəsi dəyişilmir.

Utilizatorların reyestrdə qeydiyyatı və reyestrə daxil edilmiş məlumatlarda dəyişiklik edilməsi ödənişsiz həyata keçirilir.

Reyestr kağız (reyestr kitabı) və elektron formada tərtib edilir. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında uyğunsuzluq olduqda, kağız daşıyıcılar üzərində olan qeydlərə üstünlük verilir.

Reyestr kitabı qaytanlanır, səlahiyyətli vəzifəli şəxs tərəfindən imzalanır və möhürlənir.

Utilizatorlar tərəfindən utilizasiya edilmiş nəqliyyat vasitələrindən əldə olunan yararlı materiallar və əşyalar mülki qanunvericiliyə uyğun olaraq bağlanılmış müqavilə əsasında ehtiyat hissələrinin emalı və satışı ilə məşğul olan sahibkarlıq subyektlərinə satılır. Utilizatorlar bağlanılmış müvafiq müqavilənin və təhvil-təslim sənədlərinin surətlərini əlavə etməklə bu barədə hər növbəti təqvim ili yanvarın 20-dək operatora yazılı məlumat verirlər.

Qanun qəbul ediləcəyi halda bu müddəalar 2024-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.

Xəbər lenti

Çox oxunanlar