Xəzər Xəbər

Avropaya silah tədarükü 47 faiz artıb

İqtisadiyyat | 12:56 • 13 Mart 2023
Avropaya silah tədarükü 47 faiz artıb

Avropaya silah tədarükü 47 faiz artıb, dünya üzrə silah alverində Amerikanın üstünlüyü isə artmaqda davam edir.

Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutunun (SIPRI) yeni araşdırmasının nəticələri belədir.

İnstitutun məlumatına görə, 2018-2022-ci illərdə Avropa dövlətləri tərəfindən əsas silahlar idxalı 2013-2017-ci il illər üzrə müvafiq göstərici ilə müqayisədə 47 faiz artıb, beynəlxalq silah satışının qlobal həcmi isə 5,1 faiz azalıb. Silah idxalı Afrikada 40 faiz, Cənubi Amerikada 21 faiz, Asiya və Okeaniyada 7,5 faiz, Yaxın Şərqdə 8,8 faiz azalıb. Bununla belə, Şərqi Asiyaya və geosiyasi gərginliyin yüksək olduğu başqa regionlardakı bəzi dövlətlərə idxal artmaqda davam edir.

SIPRI ekspertləri qeyd edirlər ki, Avropaya silah ixracının əhəmiyyətli dərəcədə artması Rusiya ilə digər Avropa dövlətlərinin əksəriyyətinin münasibətlərində davam edən gərginliklə izah edilir. Bu vəziyyət ABŞ-dan və Fransadan silah ixracına da təsir göstərib. Həmin ölkələrdən silah ixracının həcmi artmaqda davam edir, Rusiyadan ixrac isə azalır.

Qlobal silah ixracında uzun müddət ABŞ və Rusiya dominantlıq edib. Bu dövlətlər son 30 il ərzində ən iri silah ixracatçısı kimi qalıblar. Lakin bu göstərici üzrə onların arasında fərq xeyli artıb, Rusiya ilə silah tədarükünün həcminə görə üçüncü yeri tutan Fransa arasında fərq isə azalıb. ABŞ-dən silah satışı 14 faiz artıb. 2018-2022-ci illərdə dünya üzrə silah ixracının 40 faizi Birləşmiş Ştatların payına düşüb. Rusiyadan silah satışı 31 faiz azalıb, dünya üzrə silah ixracında Rusiyanın payı isə 22 faizdən 16 faizə düşüb. Eyni dövrdə dünya üzrə silah ixracında Fransanın payı 7,1 faizdən artaraq 11 faizə çatıb.

Rusiya silahlarının ən iri alıcılarının siyahısındakı ölkələrin sayı 10-dan 8-ə düşüb. Rusiyadan Hindistana silah satışı 37 faiz, qalan 7 ölkəyə satış isə orta hesabla 59 faiz azalıb. Rusiyadan Çinə və Misirə silah ixracı müvafiq surətdə 39 faiz və 44 faiz artıb. Beləliklə, həmin ölkələr Rusiyadan hərbi texnika alıcıları arasında ikinci və üçüncü olublar.

SIPRI-nın qənaətinə görə, Avropa, Asiya və Okeaniya üzrə silah alışının həcminin artmasına baxmayaraq, bu regionlar dünyada silahların aparıcı idxalatçısı kimi qalır. 2018-2022-ci illərdə silah tədarükünün 41 faizi Asiya və Okeaniyanın payına düşüb. Bu, 2013-2017-ci illərdəki ilə müqayisədə bir qədər azdır. Regiona silah satışının bötüvlükdə azalmasına baxmayaraq, bəzi ölkələrdə bu göstəricinin xeyli artması, digər ölkələrdə isə azalması aşkar görünür. 2018-2022-ci illərdə regiondakı 6 dövlət – Hindistan, Avstraliya, Çin, Cənubi Koreya, Pakistan və Yaponiya dünyada ən iri silah idxalatçılarının ilk onluğuna daxil olub.

Qeyd etmək lazımdır ki, Hindistan dünyada ən iri silah idxalatçısı adını saxlayıb. Lakin 2018-2022-ci illərdə bu ölkə tərəfindən silah alışının həcmi əvvəlki 5 illik dövrlə müqayisədə 11 faiz aşağı olub. Bu azalma alış prosesinin mürəkkəbliyi, silah ixracatçılarının şaxələndirilməsi səyləri və silah idxalını yerli nümunələrlə əvəz etmək cəhdləri ilə bağlıdır. Silah idxalının həcminə görə 2018-2022-ci illərdə dünyada 8-ci yeri tutan Pakistanda silah alışı 14 faiz artıb, silahların əsas tədarükçüsü isə Çin olub. (AZƏRTAC)

Rubrikanın digər xəbərləri

Xəbər lenti