Xəzər Xəbər

Əcnəbilər 10 il sosial sığorta haqqını ödəməkdən azaddırlar

İqtisadiyyat | 17:21 • 25 Yanvar 2023
Əcnəbilər 10 il sosial sığorta haqqını ödəməkdən azaddırlar

“Sosial sığorta haqqında” Qanuna edilən dəyişikliyə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb olunan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətinə məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilir.

Dövlət Vergi Xidmətindən bildirilib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərə isə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı, öz seçimlərindən asılı olaraq, minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlər üzrə qüvvədə olan Qanunda göstərilən qaydada (14.3-cü və 14.4-cü maddələrə) ödənilməsi müəyyən edilib.

Sığortaolunanlar bununla əlaqədar hər il yanvarın 15-dək öz seçimləri barədə yazılı məlumatı sığortaedənə təqdim edirlər. Həmin seçim təqvim ilinin sonunadək dəyişdirilmir.

Növbəti təqvim ili üçün sığortaolunan qeyd edilən müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir.

Xəbər lenti