Xəzər Xəbər

Qaz sayğaclarına kənar müdaxilə halları 2 dəfəyə qədər azalıb

İqtisadiyyat | 17:22 • 25 Noyabr 2022
Qaz sayğaclarına kənar müdaxilə halları 2 dəfəyə qədər azalıb

“Azəriqaz” İB üzrə 2022-ci ilin əvvəlindən 650 minə yaxın dövri yoxlama müddəti bitmiş qaz sayğacı mövcud idi. Artıq 250 min qaz sayğacının əvəzlənərək dövlət yoxlamasına təqdim olunması təmin edilib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri “Azəriqaz”ın Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı deyib.

Rövşən Məhyəddinov qeyd edib ki, çıxarılan sayğacların yoxlanılması nəticəsində kənar müdaxilə faktlarının azalması qeydə alınıb.

Şöbə rəisinin sözlərinə görə, 2020-ci ildə yoxlama üçün çıxarılan sayğacların 13 min ədədində kənar müdaxilə faktları aşkar olunub, 2021-ci ildə bu rəqəm 20 min 800 ədəd təşkil edib, 2022-ci ildə isə 8900-ə enərək kəskin azaldığı müşahidə olunub.

“Buna səbəb qanunvericilikdə müvafiq dəyişikliklərin olması, eyni zamanda, qaz sayğaclarına ötən ildən başlayaraq şəffaf qutuların quraşdırılmasıdır. Bu şəffaf qutular zərbəyə davamlı olmaqla yanaşı, həm də kənar müdaxilələrdən qorunmanı təmin edir. Bu kimi tədbirlərin görülməsi nəticəsində ötən illə müayisədə sayğaclara kənar müdaxilə halları 2 dəfəyə qədər azalıb”, - deyə şöbə rəisi qeyd edib.

Xəbər lenti