Xəzər Xəbər

Dünyada məhsullar ucuzlaşır – Azərbaycanda qiymətlər nə vaxt enəcək?

İqtisadiyyat | 18:08 • 30 Sentyabr 2022
Dünyada məhsullar ucuzlaşır – Azərbaycanda qiymətlər nə vaxt enəcək?

Son 2-3 ayda dünya iqtisadiyyatında böhran ehtimalının güclənməsi, eyni zamanda neftin dəyərinin nəzərəçarpacaq dərəcədə enməsi məhsulların dəyərinin aşağı düşməsinə səbəb olur. 

XəzərXəbər Beynəlxalq birja məlumatlarına istinadən xəbər verir ki, bəzi məhsulların dəyəri ilin əvvəlindən, bəziləri isə son bir ayda enməyə başlayıb. 

İlin əvvəlindən dəyəri ucuzlaşan əsas məhsullar arasında taxta (63 faiz), yulaf (44 faiz), pambıq (25 faiz), mis (22 faiz), alüminium (20 faiz), gümüş (19 faiz), sink (16 faiz), platin (10 faiz) var. Bu məhsullardan başqa kako (9 faiz), qızıl (9 faiz), qəhvə (9 faiz), şəkər (6 faiz) də dəyər itirib. 

Müşahidələr göstərir ki, ilin əvvəlindən əsas məhsulların təxminən yarısı dəyər itirib. Amma son bir ayda əksər məhsulların dəyərində enmə var. 

Yuxarıda adı çəkilən məhsullarla yanaşı, təbii qaz (24 faiz), neft (9 faiz), benzin (8 faiz), soya (5 faiz), iribuynuzlu mal əti (2,5 faiz) kimi mühüm əmtəələr də dəyər itirib. 
Son bir ayda yalnız buğda (8,5 faiz), nikel, gümüş və platinin dəyərində artım var. 

Proseslər göstərir ki, mövcud vəziyyət dəyişməyəcəyi təqdirdə məhsulların dəyərində enmə davam edəcək. Xüsusən, neftin mövcud qiymət səviyyəsi qalarsa, qarşıdakı aylarda da ucuzlaşma müşahidə olunacaq. 

Ümumilikdə, son aylarda dünyada tələbin zəifləməsi müşahidə edilir. Tələb, yəni alıcılığın zəifləməsi bazarlarda satış həcminə mənfi təsir etdiyindən qiymətlər düşür. Proseslərin davamı bütün dünyada yüksək inflyasiya göstəricilərinin bir qədər zəifləyəcəyindən xəbər verir. 

Qlobal səviyyədə baş verən qiymət dəyişiklikləri Azərbaycana da sirayət edəcək. Çünki Azərbaycanda satılan malların təxminən 40 faizi idxal edilir. Bundan başqa istehsal zamanı istifadə olunan aralıq məhsulların da önəmli hissəsi xaricdən alınır. 

Bu səbəblərdən xaricdə baş verən ucuzlaşma Azərbaycanda da ilin sonuna qədər hiss ediləcək./Sfera.az 

 

Xəbər lenti