Xəzər Xəbər

Sərt qış gəlir: Rusiya Sibir qazını SATA BİLƏCƏKMİ? - TƏFƏRRÜAT

İqtisadiyyat | 13:17 • 23 Sentyabr 2022
Sərt qış gəlir: Rusiya Sibir qazını SATA BİLƏCƏKMİ? - TƏFƏRRÜAT

"Avropa sərt qışa hazırlaşarkən, Rusiya qazını nəql edəcək alternativ bazarlar axtarır. Baltik dənizinin dibi ilə inşa edilən “Şimal axını-2” boru xətti istifadəsiz qalıb. Halbuki, Rusiya bu boru xəttinin tikintisinə milyardlarla dollar xərcləyib. Bundan başqa boru xəttinin tikintisiylə bağlı yaranan ekoloji maneələrin aşılması üçün illərlə danışıqlar aparılıb. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra həm qazın nəqli minimuma endirilib və tamamilə dayandırılması ehtimalı artıb, həm də “Şimal axını – 2” boru xəttinin gələcəyini sual altında qoyub".

XəzərXəbər xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, “Sibirin gücü – 2” boru xətti “Şimal axını – 2” əvəz edə bilər:

"Rusiya “Sibirin gücü – 2” boru xəttinin tikintisinə 2024-cü ildə başlamaq istəyir. Boru kəmərinin istifadəyə verilməsi isə 2029-cu il üçün nəzərdə tutlub. Rusiya bu boru xəttilə Çinə daha çox qaz nəql etmək istəyir. Boru xətti Sibirlə Çinin uyğurlar yaşayan bölgəsini birləşdirəcək. Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmağa çalışır. Ancaq bu istəyi reallaşdırmaq çətindir. Çünki Çin Rusiya ilə yanaşı Mərkəzi Asiya ölkələrindən də qaz alır və bir ölkədən asılı olmaq istəmir. Əlbəttə, iqtisadiyyatı ildən-ilə böyüyən Çinin əlavə enerjiyə ehtiyacı var. Ancaq Çin digər ölkələr kimi qaz və neftin nəqlinin şaxələndirilməsinə üstünlük verir".

Ekspertin fikrincə, Rusiya Çinlə yanaşı Türkiyədə də qaz nəqlinin həcmini artırmağa çalışır:

"Türkiyə buna hazırdır, sadəcə qazın qiymətində endirimin edilməsinə cəhd göstərir. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bununla bağlı Şanxay Əməkdaşlıq Təşkilatı toplantısı çərçivəsində rusiyalı həmkarı Vladimir Putindən xahişi olub. Kreml Ankaranın xahişini yerinə yetirməyə hazırdır, bunun qarşılığında ödəmənin bir hissəsinin rublla həyata keçirilməsini istəyib. Qərb ölkələri mavi yanacaqla yanaşı Rusiyadan neft alışını da azaldıb. Rusiya bu vəziyyətdə neftini alacaq ölkələrin sayını artırmaq məcburiyyətindədir. Bir sıra ölkələr Rusiyanın ağır vəziyyətdə olduğunu müşahidə edərək nefti bu ölkədən daha ucuz qiymətə almağa çalışır. Digər tərəfdən “böyük yeddilərə” üzv dövlətlər Rusiya neftinin müəyyən qiymətdən sonra artımının qarşısını almaq istəyir. Yəni, “böyük yeddilər” Rusiya neftinə konkret qiymət qoymaq istəyirlər. Bu, Rusiyanın maraqlarına ziddir. “Business Standard” nəşrinin yazdığına görə, Rusiya Hindistana nefti daha ucuz sata biləcəyini açıqlayıb, ancaq bunun qarşılığında Dehlinin “böyük yeddilərin” qərarını dəstəkləməməsini istəyib".

Xəbər lenti