Xəzər Xəbər

Bakıda magistral su kəmərinə müdaxilə olunub FOTO

İqtisadiyyat | 14:59 • 15 Avqust 2022
Bakıda magistral su kəmərinə müdaxilə olunub

Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsinin dəmiryol adlanan ərazisini içməli su ilə təmin edən magistral su kəmərinə müdaxilə edilib.

“Azərsu” ASC-dən xezerxeber.az-a bildirilib ki, ərazidə fərdi yaşayış evinin tikintisi ilə məşğul olan Nasir adlı şəxs 219 millimetr diametrli Binə sovxoz magistral su xəttinin yerini özbaşına dəyişməyə cəhd edib.

Həmin şəxs gecə saatlarında magistral su kəmərinin siyirtməsindən su təchizatını dayandıraraq mövcud kəmərin 70 metr uzunluğunda olan hissəsini kəsib doğrayıb, tikinti sahəsindən kənara çıxarmaqla 159 millimetr diametrli polietilen borularla yeni xətt çəkib. Elə gecə saatlarında həmin ərazidə fərdi yaşayış evi tikməyə başlayıb.

Magistral su kəmərinə müdaxilə nəticəsində ərazidə yerləşən cəzaçəkmə müəssisəsi, beşmərtəbəli yaşayış binaları və fərdi yaşayış evləri susuz qalıb. Bununla bağlı məlumat daxil olan kimi ASC-nin Xəzər Sukanal İdarəsi tərəfindən rayon icra hakimiyyətinə və hüquq-mühafizə orqanlarına məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, həmin ərazidə fərdi yaşayış evinin tikintisinə dair vətəndaşın heç bir sənədi yoxdur və tikinti işləri qeyri-qanuni aparılır.

Hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı ilə “Azərsu”nun briqadaları və texnikası vasitəsilə tikinti sökülüb. Hazırda sökülmüş kəmərin və su təchizatının bərpası istiqamətində işlər aparılır. Bu müddətdə cəzaçəkmə müəssisəsi, bina və fərdi yaşayış evlərinə alternativ vasitələrlə suyun verilişi təmin edilib.

Faktın araşdırılması ilə bağlı “Azərsu” ASC tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub.

Xatırladaq ki, magistral su kəmərlərinə belə qanunsuz müdaxilələr göstərilən xidmətlərin səviyyəsinə mənfi təsir etməklə hidravliki rejimləri və istehlakçıların içməli su təchizatının dayanıqlığını pozur, su itkilərini artırır, əhaliyə verilən içməli suyun təhlükəsizliyi üçün ciddi təhlükələr yaradır. Eyni zamanda, bu kimi hallar dövlət əmlakına ziyan vurmaq kimi qiymətləndirilir.

“Azərsu” ASC şəbəkələrə özbaşına müdaxilə edənlərin əməllərinə hüquqi qiymətin verilməsi və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Xəbər lenti