Xəzər Xəbər

“ƏDV geri al”da faiz artır, Bakıda mağazalar isə müştərini aldadır: Cəzasını kim çəkəcək?

İqtisadiyyat | 16:15 • 4 Avqust 2022
“ƏDV geri al”da faiz artır, Bakıda mağazalar isə müştərini aldadır: Cəzasını kim çəkəcək?

Bakıda bir sıra mağaza sahibləri vətəndaşları aldadırlar.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunur ki, paytaxtın mərkəzindəki bəzi marketlər köhnə nəsil kassa aparatlarından istifadə etməklə üzərində QR-kod olmayan çekləri vətəndaşlara təqdim edirlər. Belə çeklərlə isə “ƏDV geri al” layihəsindən yararlanmaq mümkün olmur.

Vətəndaşlar sual edirlər ki, belə olan halda qanunla bu kimi sahibkarları hansı cəzalar gözləyir? 

Məsələ ilə əlaqədar Oxu.Az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, “ƏDV geri al” layihəsi təkcə iqtisadiyyatın ağardılması yox, eyni zamanda nağdsız ödənişlərin stimullaşdırılması məqsədi güdürdü: 

“Nəticə etibarilə bu gün biz onun effektini görməyə başlayırıq. Hazırda nağd ödənişlər üzrə ƏDV-nin 10 faizi geri qayıdırsa, nağdsız ödənişlərdə bu, 15 faizdir. Bu da təbii olaraq ödənişləri nağdsız olaraq həyata keçirməyə maraq yaradır. Yeni nəsil kassa aparatlarının çeklərində ödənişlər həyata keçirilən zaman avtomatik olaraq “ƏDV geri al” üçün həm ID-kod, həm də QR-kod çeklərin üzərində olur.

Bir müddət öncə Dövlət Vergi Xidmətindən də yeni nəsil kassa aparatlarının ilin sonuna qədər bütün respublikanı əhatə edəcəyi ilə bağlı bir açıqlama verildi. Yeni nəsil aparatlardan istifadə edən obyektlərin sayı da artmaqdadır. Məsələn, 2022-ci ilin ilk dörd ayında yeni nəsil kassa aparatları ilə olan dövriyyə 6,1 milyard manat təşkil edib. Hazırda iki milyondan çox istehlakçı “ƏDV geri al” sistemində qeydiyyatdan keçib və onların sayı getdikcə artmaqdadır”. 

E.Əmirov vurğulayıb ki, təxminən 680 min kassa çeki verilib və bu kassa çeki ilə 2022-ci ilin mayın 1-nə qədər olan dövrdə 230 milyon manatdan çox ƏDV geri qaytarılıb:

“Göründüyü kimi, ciddi şəkildə artım var. Lakin müəyyən hallarda vətəndaşların ƏDV çeklərini ala bilməmələri ilə bağlı şikayətlər olur. Bununla əlaqədar şikayətləri Vergi Xidmətinə ünvanlamaq olar. Həm də aidiyyəti orqanların bu istiqamətdə nəzarəti daha da gücləndirməsinə ehtiyac var. Fikrimcə, bütün satış obyektlərinin ilin sonuna qədər yeni nəsil kassa aparatları ilə təmin olunması və istifadəsinə nəzarət olunmasından sonra bu problem də öz həllini tapacaq”. 

Problemlə bağlı Oxu-Az-a danışan hüquqşünas Şamil Paşayevin sözlərinə görə, satıcılar nəzərə almalıdırlar ki, nağd və ya POS-terminalla alış-veriş zamanı müştərilərə kassa çeki təqdim etməlidirlər: 

“Kassa çeki isə özlüyündə ƏDV-nin geri qaytarıldığı mallar üçün nəzərdə tutulmalıdır. ƏDV fiskal kodu olması gərəkdiyi halda bundan kənar çek vermək əsassızdır və bu, nəzarət-kassa aparatları olmadan əhaliyə xidmət anlamına gəlir.

Şəxsə, alıcıya təqdim edilməli olan çekin verilməməsinə və ya ƏDV fiskal kodu olduğu halda ƏDV təqdim edilməməsi və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3 000 manat; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Bunlar isə Vergilər Məcəlləsi ilə tənzimlənir”.

Qeyd edək ki, nağdsız ödənişlər zamanı alıcıya geri qaytarılacaq ƏDV faizi artırılır. Yəni gələcəkdə aldığınız malın ödənişini nağd deyil, nağdsız formada etsəniz, sizə daha çox ƏDV qaytarılacaq. Bu təkliflər Vergi Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan paketdə öz əksini tapıb.

Mövcud qaydalara görə, hazırda əlavə dəyər vergisinin müştəriyə qaytarılan hissəsi nağdsız qaydada ödənilən ƏDV-nin 15 faizini, nağd qaydada ödənilən ƏDV-nin isə 10 faizini təşkil edir.

Yeni qaydalar qüvvəyə minərsə, nağdsız ödəniş zamanı alıcı hər 100 manatlıq alış-veriş üçün 3 manat 5 qəpik ƏDV ala biləcək (hazırda 2.28 AZN-dir). Nağd ödənişlər zamanı isə 100 manatlıq alışda cəmi 76 qəpik qaytarılacaq (hazırda 1.52 AZN-dir).

Xəbər lenti