Xəzər Xəbər

Azərbaycanda işıq bu şəxslər üçün pulsuz olacaq - Necə ki, televizor alırlar...

İqtisadiyyat | 10,456 | 14:08 • 3 Avqust 2022
Azərbaycanda işıq bu şəxslər üçün pulsuz olacaq - Necə ki, televizor alırlar...

Asiya İnkişaf Bankı (ADB) və “Masdar Azerbaijan Energy” MMC (MAE) arasında Azərbaycanın Ələt qəsəbəsi yaxınlığında yerləşən 230 meqavatlıq (MVt) günəş elektrik stansiyasının maliyyələşdirilməsi üçün 21,4 milyon dollar məbləğində kreditin ayrılması ilə bağlı saziş imzalanıb.

Bu barədə ADB məlumat yayıb. Bu, beynəlxalq maliyyə institutları tərəfindən uzunmüddətli beynəlxalq maliyyələşdirməsi ilə Azərbaycan tarixində ilk əhəmiyyətli özəl sektorun bərpa olunan enerji investisiyasıdır. 

Ötən ilin aprelində "Masdar" şirkəti Ələt qəsəbəsindən 9 kilometr şimal-qərbdə yerləşən "Qaradağ" layihəsinin işlənməsi ilə bağlı müqavilələr imzalayıb və elektrik stansiyasının 2023-cü ildə kommersiya fəaliyyətinə başlaması gözlənilir.

Layihə Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və Abu Dabi İnkişaf Fondu ilə birgə maliyyələşdirilir.

Qeyd edək ki, Azərbaycan elektrik enerjisinin böyük hissəsini qazla təmin etdiyinə görə böyük həcmdə ənənəvi yanacaqdan aslıdır. Yeni günəş elektrik stansiyası istismara veriliyi ilk ildən etibarən illik 558 giqavat/saata qədər təmiz enerji istehsal edəcək və illik 265 000 tona qədər karbon emissiyasının qarşısını alacaq. MAE enerji hasilatını 23 illik enerji alqı-satqısı müqaviləsi çərçivəsində “Azərenerji” ASC-yə verəcək. Bu gün alternativ və bərpa olunan enerjidən istifadə dünya ölkələrinin qarşısına vəzifə kimi qoyulub. Ölkəmizdə bu istiqamətdə tədbirlərin həyata keçirilməsinə baxmayaraq, hələ alternativ enerjidən geniş istifadə müşahidə edilmir. 

Yeni istismara veriləcək günəş elektrik stansiyasının kommersiya fəaliyyətindən hansı sektorlar yararlanacaq? 

Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cahid Mikayılov bildirib ki, kommersiya fəaliyyəti dedikdə, stansiyanın işə düşməsi nəzərdə tutulur: 

“Yəni stansiya işə düşür və elektrik enerjisi istehsal edir, şəbəkəyə ötürür. Elektrik enerjisi ümumi şəbəkədir və elədir ki, evdə işığı kim yandırsa, elektrik birinci onun evinə gəlir. Hansı müəssisə birinci işə düşsə, elektrik enerjisi ona gedir. Ümumi şəbəkəyə ötürülür, hamı şəbəkədən istifadə edir. Bu enerjidən ölkə ərazisində hər kəs, müəssisələr, əhali istifadə edə biləcək”. 

Bu enerjidən istifadə zamanı kommunal ödənişlərdə güzəştlər olacaqmı? Bununla bağlı qurumun sözçüsü bildirdi ki, ölkədə Tarif Şurasının müəyyənləşdirdiyi tariflər var: 

“Həmin tariflərə əsasən satış həyata keçirilir və əhali, qeyri-əhali üçün ayrıdır. Bütün hallarda tariflərdə dəyişikliklərdən söhbət getmir. Sadəcə enerji daha təmiz mənbədən istehsal olunmuş olur və burada bir nüans var ki, bu stansiya özəl investisiya hesabına reallaşır. “Masdar” şirkəti banklardan kredit götürür və stansiyanı tikir, istismara başlayır, dövlət büdcəsindən pul ayrılmır”. 

Vətəndaş hansı halda alternativ enerjidən pulsuz yararlana bilər? 

C.Mikayılov deyir ki, hər bir şəxs istədiyi alternativ enerji qurğusunu, məsələn, günəş panelini alıb, evinin damında quraşdıra bilər: 

“İstehsal etdiyi elektrik enerjisi özünə məxsusdur. Ödənişə gəldikdə, necə ki, televizor alıb evdə quraşdırandan sonra başqa ödəniş etmirsizsə, günəş panelini quraşdırdıqdan sonra şəxsi mülkiyyətiniz kimi ödəniş etmirsiz”. 

O, hazırda istimara veriləcək elektrik enerjisi stansiyasının bir çox üstünlüklərinin olduğu vurğulayıb: 

“Yalnız ekoloji üstünlük deyil. Azərbaycanda iki stansiya quraşdırılır ki, biri də 340 meqavat gücündə su elektrik stansiyasıdır. Bu iki stansiya ilə bağlı yarım milyard dollar investisiya cəlb olunub. İkinci iqtisadi üstünlüyü odur ki, bu, yeni iş yerlərinin açılması deməkdir. Həmin stansiyalar tikiləndə, istismara veriləndə, yerli əhali işlərə cəlb olunur. Bu, həmçinin yeni xidmət sahələrinin açılması deməkdir. Ən böyük üstünlüyü odur ki, dövlət büdcəsindən vəsait ayrılmır. Eyni zamanda, qaza da qənaət olunur. Həmin qaz artıq ixraca, daxili tələbatın ödənilməsinə yönəldilə bilir”. /Cebhe.info

Xəbər lenti