Xəzər Xəbər

Yem ucuzlaşa bilər QƏRAR

Heyvandarlıq və quşçuluqda bu yem və yem əlavələrinin satışından ƏDV tutulmayacaq
İqtisadiyyat | 17:30 • 30 İyun 2022
Yem ucuzlaşa bilər

Nazirlər Kabineti “Satışı əlavə dəyər vergisindən azad olunan heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin Siyahısı”nı təsdiq edib.

Xezerxeber.az xəbər verir ki, qərarla heyvandarlıq və quşçuluqda yem və yem əlavələrinin satışından ƏDV tutulmayacaq.

Beləliklə, Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 №li Qərarının qəbul edilməsi hesabına yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılmış olub.

Bu hüquqi bazanın yaranması ölkədə yem məhsulları bazarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.

Çünki 72 növdə yem və yem əlavələrinin istehsalı və satışı ilə məşğul olan biznes subyektlərinə münasibətdə vergi inzibatçılığı asanlaşdırılmış olub.

Bununla da çoxsaylı bazar subyektləri 72 növdə məhsulun (yem və yem əlavələrinin) istehsalı və satışı üzrə tətbiq olunan vergi güzəştlərindən bəhrələnmiş olur.

Xatırladaq ki, 2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə də rüsum tətbiq edilmir.

Qeyd olunub ki, bütün bunlar heyvandarlıqda və quşçuluqda istehsal xərclərinin sabitləşməsi baxımından əhəmiyyətli təsirə malikdir.

Məlumat üçün bildirək ki, yem xərclərinin məhsulun maya dəyərində payı quşçuluq məhsullarının (quş əti və yumurta) istehsalı üzrə 70%-ə yaxın, mal əti və süd istehsalı üzrə isə 70%-dən çox təşkil edir.

Beləliklə:

Yem və yem əlavələrinin təsnifatı ilə bağlı hüquqi baza yaradılır;
Bu sahədə vergi inzibatçılığı asanlaşdırılır;
Siyahıya daxil edilmiş yem və yem əlavələrinin satışı ƏDV-dən azad olunur;
2022-ci ilin may ayından yem və yem əlavələrinin idxalına görə rüsum tətbiq edilmir.

Xəbər lenti