Yeni dəyişikliklərlə dövlət büdcəsinə gəlirlərin 53 faizi neft, 46,8 faizi isə qeyri-neft sektorunun payına düşəcək.
Xezerxeber.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin növbədənkənar sessiyasının iyunun 22-də keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı söyləyib.
Maliyyə nazirinin sözlərinə görə, 2022-ci ilin beş ayında icmal büdcənin gəlirləri 15549,9 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3027,0 milyon manat və ya 24,2 faiz çoxdur. İcmal büdcə xərcləri isə 11650,1 milyon manat təşkil edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1535,5 milyon manat və ya 15,2 faiz çoxdur. Cari ilin beş ayında icmal büdcə 2178,8 milyon manat kəsirlə proqnozlaşdırılsa da faktiki olaraq 3899,8 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.